UEFA Konfrans Liqasında uğursuzluqla üzləşən “Neftçi”də sular durulmur. Avrokuboklarla gözləniləndən çox erkən vidalaşan paytaxt təmsilçisində yaxın günlərdə rəhbərlik səviyyəsində köklü kadr və struktur dəyişikliklərinin olacağı gözlənilir.
Yeni mövsümə böyük ümidlər və iddialı hədəflərlə başlayan “ağ-qaralar” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) səddini aşa bilmədi. Bakıdakı ilk görüşdə gözlənilmədən 2:4 hesabı ilə məğlub olan komanda, cavab matçında minimal hesablı qələbə qazansa da, iki oyunun nəticəsinə əsasən (3:4) mübarizəni dayandırdı.
Bu erkən vida təkcə idman fiaskosu kimi qalmadı, həm də klub daxilindəki idarəetmə böhranını açıq müstəviyə çıxardı.
Əldə olunan məlumata görə, klubun Müşahidə Şurası komandanın mövsümün startındakı biabırçı çıxışını və mövcud vəziyyəti təcili qaydada ətraflı təhlil edib. İclasda rəhbər heyətdə təmsil olunan bəzi səlahiyyətli şəxslərin fəaliyyətinə qiymət verildiyi və yaxın vaxtlarda mühüm qərarların elan olunacağı bildirilir.
Hələlik konkret hansı vəzifələrin ləğv ediləcəyi və ya kimlərlə yolların ayrılacağı rəsmi açıqlanmasa da, kadr dəyişiklikləri ilə yanaşı, klubun idarəetmə modelində də ciddi struktur islahatlarının aparılacağı vurğulanır.
Son illər heyətin gücləndirilməsinə, diqqətçəkən transferlərə və ayrılan böyük maliyyə resurslarına baxmayaraq, “Neftçi”nin nə daxili yarışlarda, nə də Avropa arenasındakı gözlənilən nəticələri verə bilməməsi klub idarəçilərinə olan təzyiqi pik həddə çatdırıb.
Xüsusən də turnirdən bu şəkildə kənarlaşma azarkeşlər və futbol ictimaiyyəti arasında kəskin narazılıq dalğası yaradıb. Məhz bu səbəbdən Müşahidə Şurasının verəcəyi növbəti qərarlar “Neftçi”nin təkcə cari mövsümünü deyil, uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirəcək. Paytaxt klubu üçün qarşıdakı günlər sadəcə növbəti mövsümün planlaşdırılması deyil, idarəetmədə yeni eranın və köklü dönüş nöqtəsinin başlangıcı olacaq.