İspaniyanın “Deportivo” klubu rəsmi adında tarixi dəyişiklik edib. “AS” nəşrinin məlumatına görə, La-Korunya təmsilçisi klubun adını yerli qalisya dilinin qaydalarına uyğunlaşdırıb. Beləliklə, komandanın adı rəsmi olaraq “Real Club Deportivo de La Coruña” variantından “Real Club Deportivo de A Coruña” (“Deportivo A-Korunya”) formasına salınıb. Eyni zamanda, yeni ad klubun loqosunda da köhnə variantı əvəzləyəcək.
İyunun 23-də klub rəhbərliyi adın dəyişdirilməsi ilə bağlı rəsmi səsvermənin nəticələrini açıqlayıb. Klub üzvlərinin böyük dəstəyini qazanan layihənin lehinə respondentlərin 79,41%-i səs verib.
Bu addımın arxasında uzun illərdir davam edən linqvistik və mədəni faktor dayanır. Şəhərin adı kastiliya (ispan) dilində La-Korunya (La Coruña) olsa da, yerli qalisya dilində A-Korunya (A Coruña) kimi işlədilir. Dövlət səviyyəsində də şəhərin yeganə rəsmi adı məhz qalisya dilindəki variant sayılır. “Deportivo”nun müxtəlif azarkeş qrupları və ultrasları, klubun şəhərin rəsmi statusunu və regional kimliyini əks etdirməsi üçün uzun illərdir bu dəyişikliyi tələb edirdilər. Rəhbərlik bu qərarla çoxillik rəmzi mübahisəyə nöqtə qoyub.