İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın dünya çempionu olmasının əsas səbəbini komanda daxilində formalaşdırılan sağlam mühitlə əlaqələndirib.
Diario AS nəşrinə danışan mütəxəssis bildirib ki, futbolçu seçimində təkcə istedad deyil, insan keyfiyyətləri də həlledici rol oynayır: “İllərlə gənclərdən ibarət yığmalarda çalışmışam və bu futbolçuları çox yaxşı tanıyıram. Onların necə insan olduqlarını və çətin anlarda kimə güvənə biləcəyimizi bilirik. Mən komandaya təkcə yaxşı oyunçuları deyil, ilk növbədə yaxşı insanları seçirəm”.
De la Fuente vurğulayıb ki, yaxşı insan olmaq qələbə əzmi və xarakterin zəif olması demək deyil: “Bu iki anlayış bir-birinə zidd deyil. Əksinə, məni yaxşı insanlar əhatə edəndə özümü daha rahat hiss edirəm. Bu, nə istedada, nə güclü xarakterə, nə də qalib gəlmək istəyinə mane olur. Dünya çempionatı ərzində 52 gün birlikdə olduq və bir dəfə də olsun problem yaşanmadı. Yüksək səviyyəli futbolda buna nail olmaq çox çətindir”.
İspaniya mundial boyunca möhkəm müdafiəsi ilə seçilib. Komanda turnir ərzində cəmi bir qol buraxıb və rəqiblərinə qapıya yalnız 10 dəqiq zərbə endirməyə imkan verib.
Baş məşqçi bunu kollektiv oyunun nəticəsi kimi dəyərləndirib: “Bu, bütün komandanın müdafiədə göstərdiyi əməyin bəhrəsidir. Müdafiə olunarkən meydandakı 11 futbolçunun hamısı çalışır. Eyni zamanda hücumda da məhsuldarıq. Son 50 oyunda 100-dən çox qol vurmuşuq və çox az qol buraxmışıq”.
Turnirə Kabo-Verde ilə qolsuz heç-heçə ilə başlasa da, De la Fuente komandasına inamını itirmədiyini bildirib: “Kənardan deyilənlərə xüsusi fikir vermirəm. İlk oyundan sonra düzgün yolda olduğumuzu anlayırdıq. Komanda hər keçən gün daha da güclənirdi”.
İspan mütəxəssis finalın qalibiyyət qolunu vuran Ferran Torresə ünvanlanan tənqidlərə də münasibət bildirib: “Ədalətsiz və qərəzli tənqidlər məni incidir. Ferran ən yaxşı cavabı meydanda verdi. Onun İspaniya millisindəki statistikası əladır”.
De la Fuente qapıçı Unai Simonu da xüsusi qeyd edib: “Bizim dünyanın ən yaxşı beş qapıçısı sırasında yer ala biləcək üç qapıçımız var. Onlar bir-birini dəstəkləyirlər. Finaldan sonra birlikdə qeyd etdikləri sevinc komandamızın necə bir ailə olduğunu göstərir. Məhz bu dəyərləri qorumaq istəyirik”.
Təcrübəli mütəxəssis 2030-cu il dünya çempionatında da İspaniya millisini çalışdırmaq arzusunda olduğunu gizlətməyib. Bununla belə, hazırda bütün diqqətini sentyabr ayında keçiriləcək növbəti milli komandaların oyunlarına yönəltdiyini vurğulayıb.