Dünya Çempionatındakı qısa sürən macəradan sonra “Santos”a qayıdan 34 yaşlı Neymarın klub daxilində ciddi gərginliyə səbəb olduğu bildirilir. “Ge Globo” nəşrinin məlumatına görə, braziliyalı ulduzun gənc komanda yoldaşlarına qarşı davranışı rəhbərliyi təcili iclas çağırmağa məcbur edib.
Hadisə “Şapekoense” ilə 2:2 hesablı bərabərliklə yekunlaşan matç zamanı baş verib. Neymarın qolu sayəsində fasiləyə 1:0 öndə yollanan “Santos”un paltardəyişmə otağında əsl fırtına qopub. Bildirilir ki, Neymar 21 yaşlı Qabriel Bontempo və 19 yaşlı Joao Ananiası sərt şəkildə təhqir edib. O, Bontemponu “bacarıqsız” adlandıraraq gələn mövsüm ikinci divizionda çıxış edəcəyini deyib, Ananiasın isə texniki imkanlarını ələ salıb.
Braziliya mətbuatına danışan mənbələr bu olayı paltardəyişmə otaqları üçün qəbul edilən normalardan qat-qat sərt və “hörmətsiz” davranış kimi qiymətləndirib. Gərginliyin təsiri meydanda da hiss olunub: ulduz futbolçunun psixoloji təzyiqinə məruz qalan Ananias ikinci hissədə avtoqol müəllifi olub və matç heç-heçə başa çatıb.
Ulduz futbolçu İnstaqram hesabında video yayaraq iddiaları rədd edib: “Gənc oyunçuları təhqir etməyimlə bağlı şayiələri gördüm. Bunun yalan olduğunu bildirmək istəyirəm! Xahiş edirəm, yalan yaymayın. Komanda məsuliyyəti ilə bağlı adi bir müzakirə oldu, bu, tamamilə normal haldır”.
Lakin mətbuat bunun ilk belə hadisə olmadığını xatırladır. Neymarın meydanda komanda yoldaşları səhv edərkən onlara qarşı yuxarıdan aşağı baxan jestləri daxili münasibətləri onsuz da zədələyib. Ötən il onun gənc Deyvid Vaşinqtonu ağladana qədər tənqid etdiyi, məşqdə isə Robinyo Junioru vurduğu iddia olunmuşdu.
Məşqçilər korpusunu və futbolçuları narahat edən bu gərgin atmosferi aradan qaldırmaq üçün “Santos” direktorlar şurasının yaxın vaxtlarda növbədənkənar iclas keçirəcəyi gözlənilir.