Dünya Çempionatının 1/4 finalında keçirilən Norveç – İngiltərə matçında (1:2) kadrarxası böyük bir qalmaqal yaşanıb. Skandinavlar ingilislərin hesabı bərabərləşdirdiyi (1:1) epizoddan əvvəl qayda pozuntusunun olduğunu iddia edirlər.
Norveçli qolkiper Öryan Nülandın oyuna daxil etdiyi top stadion kamerasını saxlayan polad kanata dəyib. Qaydalara görə, hakim matçı saxlayaraq oyunu “hakim topu” ilə bərpa etməli olsa da, Kleman Türpenin rəhbərlik etdiyi referilər briqadası epizodu gözdən qaçırıb. Məhz bu diqqətsizliyin ardınca ingilislər bərabərlik qolunu vurub.
Norveç mətbuatı və yerli futbol mütəxəssisləri baş verənlərə kəskin reaksiya veriblər. TV2 kanalı kadrları təqdim edərək topun açıq-aşkar kabelə dəydiyini və ardınca yerə düşdüyünü təsdiqləyib.
VGTV-yə müsahibə verən ötənlərin tanınmış norveçli futbolçu Xetil Rekdal hakimlərin diqqətsizliyini tənqid edib: “Referilər bunu görmədilər. Görünür, diqqəti cəlb etmək üçün norveçlilər kütləvi şəkildə meydançaya axışmalı idilər”. Viaplay eksperti Lars Çernas isə qərarı sərt şəkildə pisləyib: “Əgər o top qoldan əvvəl trosa dəyibsə və buna baxmayaraq qol qeydə alınıbsa, bu, tam bir qalmaqaldı!”.
Mütəxəssislərin fikrincə, fransalı baş hakim Kleman Türpen bu epizodda kobud qayda pozuntusuna göz yumaraq Norveçə qarşı ciddi haqsızlıq edib. Fasilə üçün fit çalınan kimi Norveç millisinin baş məşqçisi Stale Solbakken sərt şəkildə fransalı referiyə etirazını bildirib.