“Neftçi”nin və millinin gənc qolkiperi Rza Cəfərov karyerasını xaricdə davam etdirməyə olduqca yaxındır.
İstedadlı qapıçıya ən ciddi marağı Sloveniyanın nəhəng klublarından olan “Maribor” göstərir. Sloveniya təmsilçisi bu keçidi uzatmadan, artıq cari yay transfer pəncərəsində rəsmiləşdirmək niyyətindədir.
Cəfərovun transfer siyahısında yer aldığı klublar təkcə Sloveniya təmsilçisi ilə məhdudlaşmır. Belə ki, gənc əlcək sahibinin xidmətində Rumıniyanın “Dinamo” (Buxarest), İranın “Traktor” və Finlandiyanın HİK kimi müxtəlif ölkələri təmsil edən iddialı klublar da yaxından maraqlanır.
Hələlik Rzanın hansı qərarı verəcəyi dəqiq bilinmir. Çünki “flaqman”ın sükanı arxasına keçən Yuri Vernidub da gənc qapıçıya şans vermək və yeni mövsümdə ondan yararlanmaq istəyir.
Rza Cəfərovun “Neftçi” ilə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, o, ötən mövsümün ikinci yarısını icarə əsasında “Qəbələ”nin heyətində keçirib.