Sofiya ÇSKA-sının italian yarımmüdafiəçisi Stefano Sensi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında Bakıda “Qarabağ”la qolsuz başa çatan görüşü dəyərləndirib.
İtaliyalı futbolçu Ağdam təmsilçisinin gücünü vurğulamaqla yanaşı, Sofiyadakı cavab oyununun gərgin keçəcəyini bəyan edib.
Sensi komandasının nümayiş etdirdiyi intizamdan razı qaldığını bildirib: “Komanda olaraq yaxşı təsir bağışladıq, əla oyun sərgilədik. Heç də asan olmadı, çünki “Qarabağ” son dərəcə güclü rəqibdir. Keyfiyyətli heyətə malikik və özümüzə güvənməliyik. Düşünürəm ki, bu heç-heçəyə tam layiq idik. Meydanda əsas olan intizam və nümayiş etdirdiyimiz xarakterdir”.
Təcrübəli oyunçu sıx təqvimə diqqət çəkərək növbəti qarşılaşmalara kökləndiklərini vurğulayıb: “İndi sürətlə bərpa olunmalıyıq, çünki daxili çempionatda “Botev”lə (Plovdiv) matçımız var. İlk növbədə bu görüşə ən yaxşı şəkildə hazırlaşmalıyıq, ardından isə “Qarabağ”la cavab matçında həqiqi bir döyüşə çıxmağa hazır olmalıyıq”.
İtaliyalı yarımmüdafiəçi klubdakı peşəkarlıqdan və azarkeş amilindən də məmnunluğunu ifadə edib: “Bolqarıstandakı mühit və klubdakı yüksək peşəkarlıq səviyyəsi çox xoşuma gəlir. Rəhbərlik bizim üçün hər cür şərait yaradıb, bizə isə yalnız meydana çıxıb maksimumu vermək qalır. Azarkeşlərimizin bizi yorulmadan dəstəkləməsi isə hər zaman möhtəşəm hissdir”.