İtaliya futbolunun tanınmış simalarından olan 48 yaşlı Cennaro Qattuzo uzun illərdir mübarizə apardığı autoimmun* xəstəliyi haqqında səmimi açıqlamalar verib. Trentoda təşkil olunan “İdman Festivalı”nda (Festival dello Sport) çıxış edən təcrübəli mütəxəssis göz miyasteniyası (oftalmik miyasteniya) səbəbindən futbolçu karyerasını bitirdiyini vurğulayıb.
Artıq 15 ildir kortizon müalicəsi aldığını deyən Qattuzo səhhətinin mövcud vəziyyətini belə təsvir edib: “Mənim yerimdə başqa bir adam olsaydı, yəqin ki, çəkisi 200 kiloqrama çatardı. Eyni xəstəlikdən əziyyət çəkən elə insanlar var ki, 4-5 ay çarpayıya məhkum olunur və ümumiyyətlə hərəkət edə bilmirlər”.
Zəngin oyunçu karyerasına malik olan keçmiş yarımmüdafiəçi İtaliya millisinin heyətində DÇ-2006-nın qalibi olub. O, həmçinin “Milan” klubu ilə iki dəfə A Seriyasının, iki dəfə də Çempionlar Liqasının qalibi olub.
Meydandakı böyük titullarına baxmayaraq, onun məşqçilik fəaliyyəti eyni dərəcədə uğurlu alınmayıb. İtaliya millisindəki uğursuz dönəmin və “Skuadra Adzurra”nın ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasının ardından istefa verən Qattuzo yayda “Latsio”nun sükanı arxasına keçib.
* – Autoimmun xəstəlik — immun sisteminin orqanizmin öz sağlam hüceyrələrini, toxumalarını və ya orqanlarını “yad cisim” (məsələn, virus və ya bakteriya) kimi qəbul edərək onlara hücum etməsi ilə nəticələnən xroniki vəziyyətdir.
Normal halda immun sistemi bədəni kənar təhlükələrdən qoruyur. Lakin autoimmun pozuntu zamanı immun sistemi öz hüceyrələrinə qarşı autoantitellər istehsal edir və zədələnməyə, iltihaba və ya funksiya pozuntusuna səbəb olur.