Çempionlar Liqasının əsas mərhələsinin IV turunda ilk oyun günü rekordlar, əlamətdar göstəricilər və böyükhesablı qələbələrlə yadda qalıb. “Barselona” uzun fasilədən sonra turnirdə qapısını toxunulmaz saxlayıb, PSJ Fransa klublarının rekordunu təkrarlayıb, Manuel Noyer isə tarixi göstəriciyə imza atıb. “Mançester Yunayted” nəhayət, qələbəsiz oyunlar seriyasına son qoyub, Harri Keynin məhsuldar seriyası isə başa çatıb.
Gecə saatlarında başa çatan 7 qarşılaşmanın ardından ilk oyun gününün diqqətçəkən hadisələrinə nəzər salaq.
“Barselona” 18 oyunluq seriyanı dayandırdı
Hansi Flikin rəhbərlik etdiyi “Barselona” doğma meydanda İngiltərənin “Aston Villa” klubunu 3:0 hesabı ilə məğlub edib. Bununla da Kataloniya təmsilçisi Çempionlar Liqasında ardıcıl 18 oyundur davam edən qapısında qol görmə seriyasına son qoyub.
UEFA-nın məlumatına görə, “Barselona” sonuncu dəfə 2025-ci ilin aprelində Dortmund “Borussiya”sı ilə qarşılaşmada qapısını toxunulmaz saxlamışdı. Həmin vaxt kataloniyalılar rəqibini 4:0 hesabı ilə məğlub etmişdilər.
Rafinyadan Ronaldinyoya çatmaq
“Barselona”nın kapitanı Rafinya “Aston Villa” ilə görüşdə dubl edərək klubun heyətində vurduğu qolların sayını 94-ə çatdırıb. Bununla da braziliyalı futbolçu həmyerlisi və kumiri Ronaldinyonun göstəricisini təkrarlayıb.
Ronaldinyo 2003-2008-ci illərdə “Barselona”da çıxış edərək 207 matçda 94 qol vurub. Rafinya isə bu göstəriciyə cəmi 190 oyunda çatıb.
Yamal Çempionlar Liqasının rekordunu yenilədi
“Barselona”nın digər gənc ulduzu Lamin Yamal da diqqətçəkən göstəriciyə imza atıb. Onun Çempionlar Liqasındakı qollarının sayı 14-ə yüksəlib. Opta-nın məlumatına görə, bu, 19 yaşına çatmamış futbolçular arasında turnirin tarixində ən yüksək göstəricidir. Əvvəlki rekord Kilian Mbappeyə məxsus idi. Fransalı hücumçu 20 yaşına qədər Çempionlar Liqasında 13 qol vurmuşdu. Erlinq Holann isə 10 qolla siyahının üçüncü pilləsində qərarlaşıb. Yamal 14 qola cəmi 37 matçda çatıb. Onun hesabında turnirdə 14 məhsuldar ötürmə də var.
“Mançester Yunayted” nəhayət, qalib gəldi
“Mançester Yunayted” uzun müddət davam edən uğursuz seriyasına son qoyub. Maykl Kerrikin rəhbərlik etdiyi komanda Çempionlar Liqasında “Roma” ilə dramatik qarşılaşmada 3:2 hesablı qələbə qazanıb.
Görüşün 83-cü dəqiqəsinədək 1:2 hesabı ilə geridə olan “qırmızı şeytanlar” Mateus Kunyanın son dəqiqələrdə vurduğu iki qol sayəsində əzmkar qələbə qazanıb.
Beləliklə, Mançester təmsilçisinin bütün turnirlərdə qələbəsiz oyunlar seriyası 9 matçdan sonra başa çatıb. Komanda sonuncu dəfə sentyabrın 10-da doğma meydanda “Sabah”ı 4:0 hesabı ilə məğlub etmişdi.
Keynin qol seriyası qırıldı
“Bavariya” Madrid səfərində “Atletiko”nu 2:0 hesabı ilə məğlub edib. Münhen təmsilçisinin hücumçusu Harri Keyn bu dəfə fərqlənə bilməsə də, komandasının qollarından birinə məhsuldar ötürmə verib.
Beləliklə, ingiltərəli hücumçunun Çempionlar Liqasında ardıcıl qol vurduğu oyunların sayı 10-da dayanıb. Keyn turnirin tarixində ardıcıl 11 matçda qol vuran Kriştianu Ronaldunun rekordunu təkrarlamağa cəmi bir oyun qalmışdı.
Onun qol seriyası ötən mövsümün yanvarında Belçikanın “Union Sent-Jilluaz” klubu ilə qarşılaşmada başlamışdı. Cari avrokubok mövsümündə isə Keyn keçirdiyi dörd oyunda dörd dəfə rəqib qapılarına yol tapmışdı.
PSJ “Lion”un rekordunu təkrarladı
PSJ İspaniya səfərində “Vilyarreal”a heç bir şans verməyib. Paris klubu rəqibini 6:0 hesabı ilə darmadağın edərək Fransa futbolu adına əlamətdar göstəriciyə imza atıb.
Belə ki, PSJ Çempionlar Liqasında ardıcıl 14 oyundur meydanı məğlubiyyətsiz tərk edir. Bununla da Paris təmsilçisi 2004-2006-cı illərdə eyni göstəriciyə nail olan “Lion”un rekordunu təkrarlayıb.
PSJ növbəti qarşılaşmada da məğlub olmazsa, Fransa klubları arasında bu göstərici üzrə yeni rekordun sahibi olacaq.
Noyer Çempionlar Liqasının tarixində üçüncü pilləyə yüksəldi
“Bavariya”nın qapıçısı Manuel Noyer də tarixi göstəriciyə imza atıb. 40 yaşlı qolkiper “Atletiko” ilə səfər oyununda Çempionlar Liqasında 164-cü matçına çıxaraq turnirin tarixində ən çox oyun keçirən futbolçular siyahısında üçüncü pilləyə yüksəlib.
Almaniyalı qapıçı bu göstəricidə keçmiş komanda yoldaşı Tomas Mülleri (163 oyun) və Lionel Messini (163 oyun) geridə qoyub.
Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir və Münhen klubu ilə iki dəfə Çempionlar Liqasının qalibi olub. O, 2012/13 və 2019/20 mövsümlərində bu titula sahib çıxıb.
Turnirdə Noyerdən daha çox oyun keçirən futbolçular yalnız Kriştianu Ronaldo (183) və İker Kasilyasdır (177).
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya) 0:2
Karl, 54. Laymer, 74
“Barselona” (İspaniya) – “Aston Villa” (İngiltərə) 3:0
Yamal, 8. Rafinya, 53; 65
“Feyenoord” (Niderland) – “İnter” (İtaliya) 0:3
Bissek, 8. Esposito, 34. Zelinski, 54
“LASK” (Avstriya) – “Slovan” (Slovakiya) 4:0
Yorgensen, 19; 37. Lyubçiç, 44. Adeniran, 48
“Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) 3:2
Fernandes, 58 (pen.). Kunha, 83; 86 – Soul, 11. Malen, 16 (pen.)
“Vilyarreal” (İspaniya) – PSJ (Fransa) 0:6
Neveş, 9. Due, 12. Mayulu, 13. Ruis, 17; 50. Boli, 78.
“Bude-Qlimt” (Norveç) – “Lill” (Fransa) 0:0