UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün əsas mərhələsinə start verilib. İlk turun ilk oyun günündə 6 qarşılaşma keçirilib. Gecə məhsuldarlığı və dramatikliyi ilə yadda qalıb – ümumilikdə 19 qol vurulub. “Real”, “Mançester Siti”, “Borussiya” (Dortmund), “Betis”, “Aston Villa” və AEK turnirə qələbə ilə başlayıblar.
Gecənin mərkəzi qarşılaşmasında “Real” Madrid doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub edib. Kilian Mbappe 14-cü dəqiqədə madridliləri önə keçirib, Federiko Valverde isə 23-cü dəqiqədə fərqi iki topa çatdırıb. İkinci hissədə oyuna qayıtmağa çalışıb 76-cı dəqiqədə Karlos Auqusto vasitəsilə hesabı azaldan “İnter” son dəqiqələrdə bərabərlik axtarsa da, Tibo Kurtua bir neçə təhlükəli epizodda komandasını xilas edib. Beləliklə, Joze Mourinyonun rəhbərlik etdiyi “Real” turnirə qələbə ilə başlayıb.
Gecənin ən maraqlı oyunlarından biri Fransada qeydə alınıb. “Lill” iki dəfə hesabda önə çıxsa da, “Betis” əzmkarlıq göstərərək səfərdə qələbə qazanıb. Ayase Ueda 12-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarsa da, Mark Bartra 34-cü dəqiqədə tarazlığı bərpa edib. Lakin Aleksandro 37-ci dəqiqədə “Lill”i yenidən önə keçirib. İkinci hissənin əvvəlində Bartra ikinci qolunu vuraraq yenə hesabı bərabərləşdirib. 54-cü dəqiqədə isə Troy Parrott “Betis”ə qələbə qazandıran qola imza atıb. “Lill”in işi 56-cı dəqiqədə Etan Mbappenin qırmızı vərəqə alması ilə daha da çətinləşib. Nəticədə, “Betis” 21 ildən sonra Çempionlar Liqasına qələbə ilə qayıdıb.
Portuqaliyada “Mançester Siti” hesabı ikinci hissənin əvvəlində açıb. Erlinq Haaland 47-ci dəqiqədə baş zərbəsi ilə fərqlənib. “Portu” cavab qoluna yaxın olsa da, İngiltərə klubu müdafiədə inamlı oyun sərgiləyib. Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə ikinci qolunu vuran Haaland “Siti”nin 2:0 hesablı qələbəsini rəsmiləşdirib və gecənin əsas qəhrəmanlarından birinə çevrilib. Yeri gəlmişkən, bu, norveçli hücumçunun ÇL-də 59-cu oyunda vurduğu 59-cu qol olub.
Dortmundda isə matçın ikinci yarısında əsl qol yağışı yaşanıb. 53-cü dəqiqədə Renato Veiqa topu öz qapısına göndərərək meydan sahiblərini önə keçirib. “Vilyarreal” 66-cı dəqiqədə Santyaqo Mouriñonun qolu ilə hesabı bərabərləşdirsə də, Seru Girassi 80-ci dəqiqədə “Borussiya”nı yenidən irəli çıxarıb, dörd dəqiqə sonra isə penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb. Görüşün sonlarında maraqlı an yaşanıb – Girassi topu bu dəfə öz qapısına göndərərək fərqi azaldıb (3:2). Lakin Dortmund son dəqiqələrdə qələbəni əldən verməyib.
Çempionlar Liqasının əsas mərhələsi, 1-ci tur
“Lill” – “Betis” – 2:3
Ueda, 12. Aleksandro, 37 – Bartra, 34; 49. Troy Parrott, 54
“Borussiya” (Dortmund) – “Vilyarreal” – 3:2
Veiqa, 53-öz qapısına. Girassi, 80; 84-pen. – Mourino, 66. Girassi, 90+4-öz qapısına
“Portu” – “Mançester Siti” – 0:2
Haaland, 47; 90+1.
“Real” – “İnter” – 2:1
Kilian Mbappe, 14. Valverde, 23 – Auqusto, 76