Avropa futbolunun ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında həlledici an gəlib çatdı. Bu gün Budapeştdəki “Puşkaş Arena” mövsümün ən böyük qarşılaşmasına ev sahibliyi edəcək. Qitənin bir nömrəli klub turnirinin qalibi uğrunda Fransa və İngiltərə çempionları – PSJ ilə “Arsenal” üz-üzə gələcək.
Turnirin ötən mövsümünün finalında “İnter”i 5:0 hesabı ilə darmadağın edərək çempionluq kubokuna sahib çıxan PSJ, bu dəfə daha çətin bir missiyanın öhdəsindən gəlməyə çalışacaq. Parislilər “Real”dan (2018, 2019) sonra titulunu qoruyan ikinci klub kimi tarixə düşmək niyyətindədir.
Komandanın aparıcı fiqurlarından olan Xviça Kvaratsxeliya çətin başlayan mövsümdən sonra kollektivdə daxili harmoniyanın bərpa olunduğunu və finala tam hazır olduqlarını bildirib: “Başlanğıc istədiyimiz kimi alınmadı, amma biz hər kəsə ötən ilki uğuru təsadüfən qazanmadığımızı sübut etdik”.
London klubu isə turnirin yeni formatında nümayiş etdirdiyi möhtəşəm performansla diqqət mərkəzindədir. Müntəzəm mövsümdə keçirdiyi 8 oyunun hamısında qələbə qazanan “topçular”, 24 xal toplayaraq mütləq rekord müəyyənləşdiriblər. 2006-cı ildən bəri ÇL-də final həsrəti çəkən “Arsenal”, bu dəfə kuboku evə aparmaq əzmindədir.
Komandanın mərkəz yarımmüdafiəçisi Deklan Rays ötən mövsümün acı dərslərini unutmadıqlarını vurğulayıb: “Ötən il qaçırdığımız fürsətlər bizə çox şey öyrətdi. İndi daha inamlıyıq və bu tarixi günü qələbə ilə başa vurmağa hazırıq”.
Bu final həm də UEFA-nın yeni tətbiq etdiyi başlama vaxtı ilə yadda qalacaq. Əvvəlki illərdən fərqli olaraq, həlledici matçın saat 20:00-da başlaması azarkeşlərin stadiondan daha rahat ayrılmasına və nəqliyyat logistikasının optimallaşdırılmasına hesablanıb. Bu addım həm də futbol şənliyinin daha geniş kütləyə çatması üçün əlverişli şərait yaradır.
Çempionlar Liqası, final
PSJ – Arsenal
Tarix: 30 may
Saat: 20:00
Məkan: Budapeşt, “Puşkaş Arena”
Hakim: Daniel Zibert (Almaniya)
TV: CBC Sport, TRT 1