Ötən gün legioner həyatı yaşayan futbolçularmızdan bəziləri meydana çıxıb, digərləri isə komandalarının oyunlarını ehtiyat oyunçular skamyasından izləyib.
Cəlal Hüseynov Rumıniyada qələbəyə şahid oldu
Rumıniya Superliqasının 17-ci turunda “Petrolul” səfərdə “Dinamo”ya 1:0 hesabı ilə qalib gəlib. Görüş azarkeşlərin VAR monitorunu sıradan çıxarması səbəbindən 15 dəqiqədən çox dayandırılıb.
Qələbə qolunu Dan N’Lundulu 45+12-ci dəqiqədə penaltidən vurub. Millimizin müdafiəçisi Cəlal Hüseynov 89-cu dəqiqədə meydana daxil olub. O, məhz qolun müəllifini əvəzləyib.
Nigar Mirzəliyevanın komandası Frankfurtda uduzdu
Almaniya qadınlar Bundesliqasında “Hamburq” səfərdə Frankfurt “Ayntraxt”na 0:2 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva 72-ci dəqiqədə Paulin Maxtensin əvəzinə meydana çıxıb. İlk hissədə hesab açılmayıb, Frankfurt təmsilçisi fasilədən sonra iki qol vuraraq qələbə qazanıb.
Ramil Şeydayev “Veles”in heç-heçəsini ehtiyatda izləyib
Rusiyanın 1-ci liqasında “Soçi” ilə “Veles” arasında keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
“Veles” 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib və 89-cu dəqiqədə bərabərlik qolunu buraxıb. Azərbaycan yığmasının sabiq hücumçusu Ramil Şeydayev matçı ehtiyat oyunçular skamyasından izləyib.
Elvin Yunuszadə meydana çıxmadı
Türkiyə 1-ci Liqasının 15-ci turunda “Fatih Karagümrük”lə “Boluspor” qolsuz heç-heçə edib – 0:0.
“Boluspor”un azərbaycanlı müdafiəçisi Elvin Yunuszadə qarşılaşmanın iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
Murad Məmmədov “Pafos”un qələbəsini ehtiyatda izləyib
Kipr çempionatında “Pafos” səfərdə “Omoniya Aradippu”nu 2:1 hesabı ilə məğlub edib. Azərbaycanlı futbolçu Murad Məmmədov görüşün iştirak ərizəsində yer alsa da, baş məşqçi ona şans verməyib.
Anatoli Nuriyevin adı iştirak ərizəsində olmayıb
Macarıstan çempionatının 14-cü turunda “Újpest”lə “Kişvarda” arasında keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
“Újpest”in yarımmüdafiəçisi Anatoli Nuriyevin adı oyunun protokolunda nə start heyətində, nə də ehtiyat oyunçular sırasında yer alıb.