Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə Azərbaycanın üç cüdoçusu tatami üzərinə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov turnirə ikinci mərhələdən başlayıb. O, ilk görüşündə rumıniyalı Luçian Bors Demetreskunu, 1/8 finalda isə Belçika təmsilçisi Əbdül-Malik Umanı məğlub edib. 1/4 finalda Kosovo cüdoçusu Akil Cakovanı da üstələyən olimpiya çempionumuz yarımfinala yüksəlib. Lakin bu mərhələdə Tacikistan təmsilçisi Masudi Əhmədzadəyə məğlub olaraq finala vəsiqə qazana bilməyib.
Eyni çəkidə çıxış edən digər təmsilçimiz Kamran Süleymanov isə yarışla erkən vidalaşıb. İlk mərhələdən azad olan cüdoçumuz debüt görüşündə özbəkistanlı Zamoxşari Bekmurodova məğlub olub.
70 kq çəki dərəcəsində mübarizə aparan Səidə Ağayeva ilk görüşündə ABŞ təmsilçisi Nensi Nquyeni üstələsə də, 1/8 finalda portuqaliyalı Tais Pineyə uduzaraq turnirdə çıxışını başa vurub.
Azərbaycan təmsilçiləri indiyədək turnirdə 3 medal qazanıblar. Balabəy Ağayev (60 kq) və Kənul Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiev (66 kq) isə bürünc medala sahib çıxıb.