“Turan-Tovuz”un baş məşqçisi Qurban Berdıyev Premyer Liqanın XII turunda “Şamaxı”ya qarşı keçirilən səfər oyunundan (2:0) sonra komandasının çıxışını dəyərləndirib.
Tovuz təmsilçisinin çalışdırıcısı qələbədən razı qaldığını bildirib. Bununla yanaşı, Jorje Silvanın qırmızı vərəqə almasını yolverilməz adlandırıb və futbolçularını təxribatlara uymamağa çağırıb.
Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə danışıb:
“Gözlədiyimiz kimi, ağır oyun alındı. ‘Şamaxı’ bu mövsüm daha aqressiv komandadır. Liderlərlə görüşlər də bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvlərimiz də oldu. Amma istənilən halda, qalib gəlmək yaxşıdır. Azlıqda qalandan sonra futbolçularımız xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir”.
– Jorje Silvanın qırmızı vərəqə alaraq komandanı çətin vəziyyətə salmasını necə qiymətləndirirsiniz?
– Bu, yolverilməzdir. Belə hal istənilən halda oyunumuzun gedişinə təsir göstərə bilərdi. İlk hissədə Vaciye qarşı təxribat oldu. Belə hallara cavab vermək olmaz.
– Joarlem Santosun son durumu necədir?
– Hələlik konkret nəsə deyə bilmərəm. Boyun nahiyəsində problem var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
“Turan-Tovuz” “Şamaxı”nı səfərdə 2:0 hesabı ilə məğlub edib. Jo Batista və İbrahim Vaci fərqlənib. Jorje Silva isə 75-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.