Rudi Qarsiya müqavilə müddətinin başa çatması ilə əlaqədar Belçika yığmasının baş məşqçisi postundan ayrılır. 2025-ci ilin fevralında Domeniko Tedeskonu əvəzləyən fransız mütəxəssisin müqaviləsi iyulun 31-də başa çatır. Tərəflər DÇ-dən sonra işbirliyini davam etdirməmək qərarına gəliblər. Yığma Qarsiyanın rəhbərliyi altında keçirdiyi 20 matçda 12 qələbə, 6 heç-heçə və cəmi 2 məğlubiyyətlə yadda qalıb.
Belçika mundialda 1/4 finala qədər irəliləyərək, burada gələcək çempion İspaniyaya 1:2 hesabı ilə boyun əyib. Diqqətçəkən məqam odur ki, turnirdə İspaniya qapısına yol tapan yeganə komanda məhz Belçika olub. Qarsiyanın yetirmələri pley-off mərhələlərində də xarakter nümayiş etdiriblər: 1/16 finalda Seneqala qarşı 0:2 hesabından geridönüş edərək 3:2, 1/8 finalda isə ABŞ-a 4:1 hesabı ilə qalib gəliblər.
İdman direktoru V.Mannaert 62 yaşlı mütəxəssisin komandanı çətin dönəmdə qəbul etdiyini, öz təcrübəsi və fədakarlığı sayəsində kollektivdə birliyi bərpa edərək Dünya Çempionatında yaxşı nəticə qazandığını vurğulayıb.
Xatırladaq ki, əvvəllər “Roma”, “Lion” və “Napoli”ni çalışdırmış Qarsiya 2019-cu ildə “Marsel”dən ayrıldıqdan sonra heç bir iş yerində iki ildən artıq qala bilməyib. Onun məşqçilik karyerasındakı ən böyük nailiyyəti 2011-ci ildə “Lill”lə qazandığı Fransa çempionluğudur.