“Bavariya” və Almaniya millisinin 18 yaşlı futbolçusu Lennart Karl səmimi etirafı ilə diqqət çəkib. Gənc yarımmüdafiəçi futbolçu olmasaydı, hansı sahədə çalışacağı barədə düşünmədiyini, çünki onun üçün həmişə yalnız bir məqsədin olduğunu bildirib.
Azarkeşlərlə görüşdə sualları cavablandıran Karl təhsil və futbol karyerası ilə bağlı danışıb: “Bildiyiniz kimi, mən həmişə səmimi danışıram, ürəyimdən keçəni deyirəm. Etiraf edim ki, mənim B planım olmayıb, yalnız A planı var idi. Valideynlərim məktəbi bitirməli olduğumu deyirdilər, amma mən bunu istəmirdim. Hər gün yuxudan duranda sadəcə futbol oynamaq istəyirdim. Futboldan başqa nə ilə məşğul olacağımı bilmirəm. Düzünü desəm, elə də ağıllı adam deyiləm. Xoşbəxtlikdən, futbolda hər şey yaxşı alındı”, – deyə o, “Bild”ə bildirib.
Lennart Karl karyerasına “TuS Frammersbach” klubunda başlayıb. Doqquz yaşında Frankfurt “Ayntraxt”ının akademiyasına qoşulan futbolçu 14 yaşında “Bavariya”ya keçib. Münhen təmsilçisinin əsas komandasında debütünü isə 2025-ci ildə Klublararası dünya çempionatında, 17 yaşında edib.
Hücumameyilli yarımmüdafiəçi indiyədək Almaniya millisinin heyətində 5 oyun keçirib. Cari mövsümdə “Bavariya”nın forması ilə bütün turnirlərdə 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Hələlik onun Almaniya millisində qol hesabı açılmayıb.