Mundialın davam etdiyi bir vaxtda transfer bazarında böyük səs-küy yaradan keçid rəsmiləşib. Münxen “Bavariya”sı DÇ-2026-nın qrup mərhələsində 3 qolla parlayan Mərakeş millisinin ulduzu İsmael Saybarini heyətinə qatıb. Almaniya nəhəngi PSV-dən transfer etdiyi 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün niderlandlılara 55 milyon avro ödəyib. Saybari ilə 2031-ci il iyunun 30-na qədər müqavilə imzalanıb.
Hazırda Şimali Amerikadakı dünya çempionatında çıxış edən və Braziliya, Şotlandiya, həmçinin Haiti ilə matçlarda vurduğu qollarla Mərakeşi 1/8 finala daşıyan futbolçu, turnir bitdikdən sonra yeni komandasına qoşulacaq.
Yeni transfer bu keçidin karyerasında böyük bir addım olduğunu gizlətməyib: “Uşaq ikən “Bavariya” kimi klubda oynamağın xəyalını qurursan. Bu komanda hər mövsüm Çempionlar Liqası da daxil olmaqla, bütün böyük titullara iddialı olan dünya nəhəngidir. “Bavariya”nın oyun fəlsəfəsi də üslubuma tam tamına uyğun gəlir. Burada oyunumu nümayiş etdirmək və uğurlar qazanmaq üçün hər gün var gücümlə çalışacağam”.
Mərakeşli ulduz Bundesliqa təmsilçisini seçməsində baş məşqçinin böyük rolu olduğunu vurğulayıb: “Bu qərarı verməyimdə baş məşqçi Vinsent Kompaninin gələcək planları mühüm rol oynadı. Onun rəhbərliyi altında işləmək üçün səbirsizlənirəm”.
Saybarinin komandası Mərakeş millisi iyulun 4-də DÇ-2026-nın 1/8 final mərhələsində turnirin ev sahiblərindən biri olan Kanada ilə qarşılaşacaq.