UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun oyunları keçirilir. Turun növbəti qarşılaşmalarında Türkiyənin “Qalatasaray” klubu Almaniyanın “Ştutqart”ını, Portuqaliyanın “Sportinq”i isə Ukraynanın “Şaxtyor”unu məğlub edib.
İstanbul təmsilçisi doğma meydanda keçirilən görüşdə 2:0 hesablı qələbə qazanıb. “Qalatasaray”ın hər iki qoluna Aleksey Batrakov imza atıb. Beləliklə, ardıcıl üç Çempionlar Liqası matçında fərqlənən 21 yaşlı rusiyalı bombardirlər yarışında ön sıralara yüksəlib. Onun hesabında Harri Keyn və Erlinq Holand kimi 4 qol var. Xatırladaq ki, “Qalatasaray” avqustda Batrakovu Moskva “Lokomotiv”indən 25 milyon avroya transfer edib.
İlk hissənin sonlarına yaxın komandaların futbolçuları arasında gərginlik yaşanıb. Barış Alper Yılmazın Kris Fyrişi yerə yıxmasından sonra hər iki tərəfin oyunçuları arasında qarşıdurma baş verib. Baş hakim Kris Kavana hadisənin iştirakçıları Yılmaz və Deniz Undava sarı vərəqə göstərib.
“Ştutqart”ın da qol imkanları olsa da, Almaniya təmsilçisi bunlardan yararlana bilməyib. Levellinqin iki cəhdi nəticəsiz qalıb. 75-ci dəqiqədə isə VAR müdaxiləsindən sonra Fyrişin qolu ofsayd səbəbindən ləğv edilib.
Digər qarşılaşmada “Sportinq” “Şaxtyor”u 1:0 hesabı ilə məğlub edib. Görüşün taleyini 59-cu dəqiqədə İsə Dumbia həll edib. O, komanda yoldaşlarının qurduğu hücumu yaxın məsafədən dəqiq zərbə ilə tamamlayıb.
Xatırladaq ki, “Sportinq” bazar günü baş məşqçi Rui Borjeşlə yolları ayırmaq üçün danışıqlara başlayıb. Komandanın yeni çalışdırıcısının Paulo Fonseka olacağı gözlənilir.
“Şaxtyor”un ən real qol imkanı 10-cu dəqiqədə yaranıb. Lakin Pedrinyo zərbəsindən sonra qapıçı Rui Silva komandasını qoldan xilas edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
“Qalatasaray” (Türkiyə) – “Ştutqart” (Almaniya) 2:0
Batrakov, 12, 15.
“Şaxtyor” (Ukrayna) – “Sportinq” (Portuqaliya) 0:1
Dumbia, 59.