2026/2027 mövsümünün hazırlıqlarını sürdürən İspaniya çempionu “Barselona” yay transfer pəncərəsində üçüncü keçidini rəsmiləşdirib. Kataloniya klubu Belçikanın gənc hücumçusu Cessi Bisiuvunu (Jesse Bisiwu) heyətinə qatdığını açıqlayıb.
Klubun rəsmi bəyanatına əsasən, “Brügge”dən transfer olunan 18 yaşlı vingerlə 2031-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Bu keçid “Barselona”ya təxminən 9 milyon avroya başa gəlib. Razılaşmaya əsasən, Belçika təmsilçisi futbolçunun növbəti satışından 20 faiz pay alacaq.
Bisiuvunun yaxın günlərdə “Barselona”nın İngiltərədəki mövsümöncəsi təlim-məşq toplanışına qoşulması gözlənilir.
“Barselona”nın yeni transferi Bisiuvunun gələcəyinə böyük ümidlər bəslənilir. Əsasən vinger və hücumçu mövqelərində çıxış edən gənc futbolçu ötən mövsüm “Brügge”nin gənclər komandasında 55 oyunda meydana çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bisiuvu Belçikanın U-17 millisində 14 oyun keçirib, həmçinin ölkəsinin U-19 yığmasının da formasını geyinib.
Qeyd edək ki, Kataloniya klubu bu yay Bisiuvudan əvvəl hücum xəttini Dortmund “Borussiya”sından Kərim Adeyemi və “Nyukasl”dan Entoni Qordonla gücləndirib. Müdafiəçi Ektor Fort isə icarə müddəti başa çatdıqdan sonra yenidən komandanın düşərgəsinə qayıdıb.