“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes ehtiyat oyunçular skamyasında aldığı qırmızı vərəqəyə görə iki matçlıq cəzalandırıla bilər. Bu halda ispaniyalı futbolçu noyabrın 29-da “Deportivo” ilə səfər oyununu, dekabrın 2-də isə “Atletiko”ya qarşı görüşü buraxacaq.
Hadisə La Liqanın son turunda “Vilyarreal”la matçda baş verib. “Barselona” 0:2 hesablı geridönüş edərək 3:2 qalib gəlsə də, qarşılaşmadan sonra əsas müzakirə mövzusu Fermin Lopesin meydandan qovulması olub.
Baş hakim Alexandro Ernandes Ernandesin raportuna əsasən, 74-cü dəqiqədə ehtiyat oyunçular skamyasından ayağa qalxan Lopes Entoni Qordonun epizodunda penalti təyin olunmasını tələb edərək dördüncü hakimə etiraz edib. Futbolçu hakim ona qırmızı vərəqə göstərməmiş paltardəyişmə otağına yollanıb.
Hazırda AS və Cadena SER-də hakimlik eksperti kimi çalışan sabiq referi Eduardo İturralde Qonsales Lopesin iki oyunluq cəza alacağını ehtimal edir. “Barselona” isə futbolçunun ciddi təhqirə yol vermədiyini, sadəcə etirazını bildirdiyini əsas gətirərək qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. Kataloniya klubu “Deportivo” ilə oyunu buraxmaq ehtimalı ilə barışsa da, Lopesin “Atletiko”ya qarşı meydana çıxmasına nail olmağa çalışır.
“Vilyarreal” düşərgəsi də hakimlikdən narazı qalıb. Komandanın kapitanı Santi Komeşanya matçdan sonra DAZN-a açıqlamasında “Barselona” və “Real”ın hakimlərə göstərdiyi təzyiqin böyük olduğunu bildirib. Onun sözlərinə görə, ilk hissədə “Barselona”nın yeddi futbolçusu hakimin ətrafını əhatəyə alıb və bu, oyunun gedişinə təsir göstərib.
Kataloniya klubunun yarımmüdafiəçisi Pedri isə rəqib kapitanın fikirlərinə cavab verib: “Hakimə həmişə təzyiq göstərilir və bu, təkcə bizim tərəfimizdən olmur”. O, “Vilyarreal”ın futbolçusu Alberto Moleyronun meydandan qovulmalı olduğunu düşünsə də, hakimliyi açıq şəkildə tənqid etmək istəmədiyini vurğulayıb.
Baş məşqçi Hansi Flik də qarşılaşmadan sonra hakimliklə bağlı narazılığını gizlətməyib: “Bu hakimlə oynayanda həmişə eyni şey başımıza gəlir”.