FIFA 2030-cu il Dünya Çempionatını 64 komandadan ibarət formatda keçirməyə hazırdır. Bu barədə Ole nəşri məlumat yayıb. Məlumata görə, qurum Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mundial iştirakçılarının rekord səviyyədə artırılması təklifini dəstəkləyəcək. Bildirilir ki, bu halda turnir 16 qrupdan ibarət olacaq və hər qrupda 4 yığma çıxış edəcək. Pley-off mərhələsinə isə hər qrupdan ən yaxşı 2 komanda yüksələcək.
Qeyd olunur ki, oyunlar İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. Dünya Çempionatının 3 qrup mərhələsi tam olaraq Cənubi Amerikada baş tutacaq, digər görüşlər isə Avropa və Afrikada keçiriləcək.
Xatırladaq ki, daha əvvəl FIFA mundialın iştirakçı sayını 32-dən 48-ə yüksəltmişdi. 2026 Dünya Çempionatı tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək. Sayın bu qədər artırılması qarşıdakı dünya çempionatında Özbəkistan, İordaniya, Kabo Verde kimi komandaların iştirakına imkan yaratdı. Təəssüf ki, Azərbaycan millisi bu fürsətdən yararlanmadı. İştirakçı sayının daha da artırılması bir sıra yeni millilərə də imkan yaradacaq. Ümid edək ki, Azərbaycan yığması 64 komanda arasına düşmək üçün ən azı ciddi cəhdlər edəcək. Əksə halda DÇ-də oynamaq üçün iştirakçı sayının 100-dən çox olmasını arzulamalıyıq.