Oyun ərəfəsi
Fransa yığması turnir hədəflərini yerinə yetirdiyi üçün Bakıya faktiki olaraq turist kimi gəlmişdi. Bu səbəbdən Didye Deşamın oyuna əsas heyəti buraxmayacağı təəccüblü olmadı. Doğrudur, azarkeşlər Kilian Mbappenin Bakıya gəlməməsindən məyus idilər. Lakin baş məşqçi Ayxan Abbasov yəqin ki, sevinirdi. Fransızların heç bir iddiasının olmaması və top klublarda oynayan ulduzların yüngül gəzinti ilə, ayaqlarını qorumaqla qələbə qazanmağı düşünməsi Azərbaycan millisi üçün tarixi şans idi. Abbasovun dili ilə desək bir az “vuruşmaqla” sensasiyalı nəticə əldə etmək üçün ümidlər yaranmışdı. Oyundan əvvəl kuluarlarda gedən müzakirələr də bunu deməyə əsas verirdi.
Ayxan Abbasov heyətdə də dəyişiklik etmişdi. Qapçı Aydın Bayramov İslandiya ilə oyunda pis təsir bağışlamasa da, cəzasını bitirən Məhəmmədəliyev yenidən qapıda yerini tutmuşdu. Oyun praktikası olmasa da, yalnız Abbasovun özünə məlum səbəbdən start heyətdə oynayan “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov da heyətdə yox idi. Renat Dadaşov Nəriman Axundzadənin yerini tutmuşdu. Qismət Alıyev Ceyhun Nuriyev, Rəhman Daşdəmirov kimi Premyer Liqanın aparıcı simaları bu dəfə start 11-likdə idi.
Oyunun gedişi
Oyunun əvvəli gözləntiləri doğrultdu. Fransızlar ümumiyyətlə qaçmaq və güc sərf etmək fikrində deyildilər. Bunu hiss edən milli komandamız cəsarətli oynadı və dərhal da bəhrəsini gördü. Rəhman Daşdəmirovun sol cinahdan ötürməsini Rinat Dadaşov bir toxunuşla tora göndərdi. Bu, tarixdə fransızların qapısına vurduğumuz ilk qol idi. Bu qoldan sonra da fransızlar sakit idilər və rahatca oyunlarını davam etdirirdilər. Elə cavab qolunu da beləcə rahat vurdular. Sağ cinahdan gələn topu Mateta başla qapıdan keçirdi. Müdafiəçilərimiz bu epizodda sadəcə Matetanı izləməklə məşğul idi. Elə qapımıza vurulan ikinci qolda da müdafiəçilər tamaşaçı rolunda idi. Cinahdan Qyustodan gələn topu Akiluş məntiqi sonluğa çatdırdı. Buna qədər fransızlar bir qol da vurmuşdular. Bəxtimiz gətirdi ki, hakim topun rəqibin əlinə dəydiyini söylədi. Fasiləyə yaxın hakim qapımıza vurulan daha bir qolu da ləğv etdi. Bu dəfə də o, VAR-a baxdıqdan sonra Ekitikenin əllə oynadığını bildirdi. Hakim qolları ləğv etsə də, hiss olunurdu ki, qonaqlar azacıq oynayan kimi, azacıq kombinasiya quran kimi rahatca qol vururlar. Rəqiblər arasında ustalıq səviyyəsində olan fərq yerlə göy qədər idi. Bu da deşamın yetirmələrinin rahat qol vurmasına səbəb olurdu. O qədər rahat ki, fransızlar sanki bizim komanda ilə yox, hakimlə bəhsə girmişdilər: sən istədiyin qədər qolu sayma, biz də istədiyimiz qədər vuracağıq. Fransızlar üçüncü dəfə də qol vurdu və bu dəfə də VAR-a müraciət olundu, amma deyəsən hakim də anlamışdı ki, daha belə davam etməyin mənası yoxdur, onsuz da vuracaqlar. Şahruddin də bu epizodda fərqlənmək fikrinə düşdü və ənənəsinə sadiq qalaraq “quşladı”. Əvvəlcə adi bir topu tuta bilmədi, sonra da özü o topu içəri atdı.
Millimiz ikinci hissəyə iki dəyişikliklə çıxdı. Zədəsi olan Şahruddini Aydın Bayramov, ilk yarıda gözə dəyməyən Ceyhun Nuriyevi isə Nəriman əvəzlədi. Amma ikinci yarı formal xarakter daşıyırdı. Fransa millisi rahat oynayır, bizimkilər isə daha çox qol buraxmamaöa çalışırdılar. Ayxan Abbasov vəziyyəti yaxşı başa düşür və gənc oyunçuları meydana buraxırdı. Abbasov araya salıb Abbas Hüseynovu da meydana buraxdı. Ötən oyunda onu oynatdığına görə tənqidlərə tuş gələn məşçinin deyəsən Abbasla bağlı bizim bilmədiyimiz məqamlar var.
Oyun sakitcə öz axarı ilə sona yaxınlaşdı. Fransızlar istədiyi kimi rahat qələbə ilə seçmələri major notda başa vurdular. Millimiz isə oyuna hay-küylə başlayıb azacıq ümidləndirsə də, tez də təslim oldu və beləcə, seçmə mərhələni cəmi bir xalla başa vurdu.
DÇ-2026-nın seçmə mərhələsi, D qrupu
Azərbaycan – Fransa 1:3
Azərbaycan: Şahruddin Məhəmmədəliyev (Aydın Bayramov, 46), Rəhman Daşdəmirov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotskyuk, Qismət Alıyev, Emin Mahmudov (Səbuhi Abdullazadə, 66), Abdulla Xeybulayev, Ceyhun Nuriyev (Nəriman Axundzadə, 46), Xəyal Əliyev (Mustafa Əhmədzadə, 87), Renat Dadaşov (Abbas Hüseynov, 75).
Fransa: Lyuka Şevalye, Malo Qyusto, Xefren Türam, Kristofer Nkunku (Rayan Çerki, 62), Yuqo Ekitike, Maqnes Akliuş (Florian Taovin, 62), İbrahima Konate, Uorren Zair-Emeri, Jan-Filipp Mateta (Bredli Barkola, 79), Lukas Ernandes, Teo Ernandes.
Qollar: Dadaşov, 4 (1:0). Mateta, 17 (1:1). Akiluş, 30 (1:2). Məhəmmədəliyev, 45+1-avtoqol (1:3).
