Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Mundialın yeddinci günündə ölkəmizin sərbəst güləş üzrə dörd təmsilçisi mübarizəyə qoşulub. Onlardan Arseni Cioyev uğurlu çıxışı ilə finala yüksəlib.
86 kq çəki dərəcəsində çıxış edən Cioyev ilk görüşündə Bəhreyn təmsilçisi Xıdır Saypudinovu 7:1, 1/8 finalda isə hindistanlı Puşpender Dalalı 7:2 hesabı ilə məğlub edib. 1/4 finalda yunanıstanlı Georgios Kuquyumsidisi 3:1 hesabı ilə üstələyən güləşçimiz yarımfinalda Gürcüstan təmsilçisi Vladimir Qamkrelidzeyə qalib gəlib – 9:1. Beləliklə, Cioyev dünya çempionatının finalına vəsiqə qazanıb. Onun həlledici görüşdə rəqibi ABŞ təmsilçisi Kayl Deyk olacaq.
125 kq çəki dərəcəsində mübarizə aparan Georgi Meşvildişvili də yarımfinala qədər irəliləyib. İlk mərhələdən azad olan güləşçimiz 1/8 finalda monqolustanlı Nambardaqva Batbayarı 10:0, 1/4 finalda isə türkiyəli Hakan Büyükçıngılı 10:1 hesabı ilə məğlub edib. Lakin yarımfinalda Rusiya təmsilçisi Abdulla Kurbanova 0:5 hesabı ilə uduzub. Meşvildişvili dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq.
70 kq-da çıxış edən Kənan Heybətov ilk görüşündə ukraynalı Vasili Şuştarı 8:2 hesabı ilə üstələsə də, 1/4 finalda ABŞ təmsilçisi Zeyn Rezerforda 0:7 hesabı ilə məğlub olub.
61 kq çəki dərəcəsində mübarizə aparan Nurəddin Novruzov isə ilk görüşündə Qazaxıstan təmsilçisi Asıl Aytaqına 4:5 hesabı ilə uduzaraq mundialla vidalaşıb.
Hazırda güləşçilərmizin aktivində 3 medal var. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu tituluna yiyələnib, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.