Çempionlar Liqasının 2025/26 mövsümünün 1/4 final mərhələsi tarixin ən yaddaqalan qarşıdurmalarından birinə səhnə oldu. İlk matçda Madriddə 2:1 hesablı qələbə qazanan “Bavariya”, doğma “Alyans Arena”da “Real”la həlledici qol düellosuna çıxdı.
7 qolun vurulduğu, qırmızı vərəqənin və yeni rekordların qeydə alındığı gecədə Münhen təmsilçisi 4:3 hesablı əzmkar qələbəsi ilə başa çatdı.
Matç hələ start fiti səslənməmiş maraqlı bir fakt diqqət çəkdi. Belə ki, Xabi Alonsonun rəhbərlik etdiyi “Kral klubu”nun start heyətində ispan futbolçu yer almamışdı. “Opta” mütəxəssislərinin məlumatına görə, bu, klubun Çempionlar Liqası (və ya Avropa Çempionlar Kuboku) tarixində indiyə qədər keçirdiyi 514 oyunda ilk belə haldır. Əvvəlki bütün görüşlərdə meydanda ən azı bir yerli oyunçusu olan Madrid təmsilçisi, bu dəfə ənənəsini pozaraq meydana tamamilə legioner heyətlə çıxarmışdı.
Oyunun başlanğıcı isə əsl şok effekti yaratdı. 35-ci saniyədə Manuel Noyerin ciddi ötürmə xətasından maksimum istifadə edən Arda Gülər, təxminən 25 metrdən topu boş qapıya göndərdi. Bu, “Real”ın turnir tarixində vurduğu, “Bavariya”nın isə öz qapısında gördüyü ən erkən qol oldu.
Lakin münhenlilərin cavabı gecikmədi, 6-cı dəqiqədə künc zərbəsindən sonra “Real”ın qolkiperi Andrey Luninin səhvi üzündən Aleksandar Pavloviç hesabı bərabərləşdirdi. Beləliklə, Çempionlar Liqasının pley-off tarixində ilk dəfə hər iki komanda matçın ilk 6 dəqiqəsi ərzində fərqlənməyi bacardı.
Çuameninin yoxluğu üzündən mərkəzdə boşluqlar versə də, əks-hücumlarda olduqca təhlükəli olan “Real”, 29-cu dəqiqədə yenidən önə keçdi. Arda Gülər mükəmməl cərimə zərbəsi ilə dublunu rəsmiləşdirərək hesabı 1:2 etdi. Bununla da gənc türk ulduz Juninyo, Roberto Karlos və Kriştiano Ronaldodan sonra Münhendə “Bavariya”ya cərimə zərbəsindən qol vuran dördüncü oyunçu oldu.
Birinci hissənin sonlarında gərginlik zirvəyə çatdı. 38-ci dəqiqədə Harri Keyn, Upamekanonun ötürməsini qola çevirərək hesabı bərabərləşdirdi – 2:2. Lakin almanların sevinci cəmi 4 dəqiqə sürdü. Vinisius Juniorun ötürməsindən sonra Kilian Mbappe qapıçını məyus edərək “Real”ı fasiləyə üstün yolladı (2:3). Qeyd edək ki, bu, Mbappenin cari mövsümdəki 15-ci qolu idi.
İkinci hissədə “Bavariya”nın aramsız təzyiqi, “Real”ın isə müdafiə müqaviməti ön plana çıxdı.
Lunin və Noyer bir neçə epizodda fantastik seyvlərlə komandalarını xilas edtilər. Matçın taleyi isə son dəqiqələrdə həll oldu. 86-cı dəqiqədə madridlilərin yarımmüdafiəçisi Eduardo Kamavinqa ikinci sarı vərəqəni alaraq meydandan qovuldu. Azlıqda qalan “Real”ın müdafiə sədləri almanların təyziqinə tab gətirmədi. 89-cu dəqiqədə Camal Musialanın ötürməsindən sonra Luis Dias topu uzaq küncə göndərərək status-kvonu bərpa edti. Uzatma dəqiqələrində isə gecənin qəhrəmanlarından olan Maykl Olise sol “doqquzluğ”u nişan alaraq “Bavariya”nın 4:3 hesablı möhtəşəm qələbəsini rəsmiləşdirdi.
Nəticədə “Real”ın tarixindəki bir acı statistika yenə dəyişməz qaldı: Madrid klubu pley-off mərhələlərində ilk ev oyununu uduzduğu 32 qarşıdurmanın yalnız birində (1971-ci ildə) mərhələ keçə bilib. Vensan Kompaninin rəhbərlik etdiyi “Bavariya” isə ənənəsinə sadiq qalaraq, ilk matçda qazandığı üstünlüyü qoruyub və adını yarımfinala yazdırdı.
Çempionlar Liqası. 1/4 final, cavab oyunu
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) 4:3
Pavloviç, 6. Keyn, 38. Dias, 89. Olise, 90+4 – Gülər, 1; 29. Mbappe, 42.
Xatırladaq ki, ÇL-in yarımfinal mərhələsinin ilk oyunları 28-29 aprel, cavab qarşılaşmaları isə 5-6 may tarixlərində baş tutacaq. Bu mərhələdə “Bavariya”nın rəqibi PSJ olacaq.
Turnirin final matçı isə mayın 30-da Budapeştdə keçiriləcək.