Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan” yay transfer pəncərəsində heyətini gücləndirməkdə davam edir. Klubdan verilən rəsmi məlumata görə, Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehralıyevlə bir illik müqavilə imzalayıb.
Komandanın yeni hücumameyilli yarımmüdafiəçisi Nihat Mehralıyevin 21 yaşı var. Ötən mövsümü “Şamaxı”nın heyətində keçirən gənc istedad, eyni zamanda beynəlxalq təcrübəyə də malikdir və ölkəmizin U-21 yığmasında iki rəsmi matçda forma geyinib.
Cinah xəttini gücləndirən digər transfer isə 25 yaşlı vinger Qabil Əlizadədir. Bu keçid futbolçu üçün bir növ yuvaya dönüş xarakteri daşıyır. Belə ki, o, karyerasının əvvəlki dönəmlərində məhz “Araz-Naxçıvan”ın əvəzedici komandasında çıxış edib. Əlizadə daha sonra “Sumqayıt-2”, “Karvan” (Yevlax) və “Mingəçevir” klublarının şərəfini qoruyub.
Xatırladaq ki, yeni mövsüm öncəsi heyətində ciddi yenidənqurma işləri aparan “Araz-Naxçıvan” buna qədər zəngin transfer siyahısına imza atıb. Klub artıq Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Errera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto da Silva, Mara Məhəmməd, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiç kimi futbolçuları rənglərinə bağlayıb.