“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən “Qəbələ” ilə heç-heçəni (1:1) şərh edib. Təcrübəli mütəxəssis oyunun gedişatını və komandadakı mövcud vəziyyəti qiymətləndirib.
Demçenko oyunun ümumi mənzərəsindən razı qalsa da, qaçırılan fürsətlərə diqqət çəkib:“Bu gün oyunumuz alınırdı. Rəqibin sürətli əks-hücumlara çıxacağını öncədən bilirdik. Lakin futbolda belə bir qızıl qayda var: sən vurmasan, sənə vuracaqlar. Biz də məhz bununla üzləşdik. Böyük futbol xırda detallardan ibarətdir. Matçın sonunda qələbə qolunu vurmaq şansımız olsa da, bundan yararlana bilmədik. Son dəqiqələr elə gərgin keçdi ki, həm qalib gələ, həm də məğlub ola bilərdik”.
Gəlişindən sonra komandada nələri dəyişməyə çalışdığı barədə sualı cavablandıran baş məşqçi, əsas hədəfinin müasir futbol üslubu olduğunu vurğulayıb: “İlk növbədə topa daha çox nəzarət edən komanda qurmağa çalışırıq. Bəzən texniki göstəricilər zəif olanda istədiyini tam reallaşdıra bilmirsən. Müəyyən üstünlüklərimiz olsa da, texniki planda hələ də çatışmazlıqlarımız var”.
Turnir cədvəlindəki mövqedən danışan ukraynalı mütəxəssis ümidini itirmədiyini bildirib: “Cədvələ baxsaq, vəziyyətimizin o qədər də ürəkaçan olmadığını görərik. Amma hər oyun yeni bir şansdır. Komanda düzgün futbol oynayanda xallar özü gəlir, təəssüf ki, bizdə hələ bu stabillik alınmır”.
Yay transfer pəncərəsi və gələcək taleyi barədə isə Demçenko qısa danışıb: “Hazırda gücləndiriləcək mövqelər haqqında danışmaq tezdir. Müqaviləm mövsümün sonunda başa çatır. Rəhbərlik qarşıma avrokuboklara yollanmaq tapşırığını qoyub. Hazırda bütün diqqətimiz bu hədəf uğrunda mübarizəyə yönəlib”.