Rüfət Dadaşov “Dinamo”nun uğurlu nəticələrində əsas pay sahiblərindən biri kimi Almaniyada diqqət mərkəzinə düşüb.
Almaniyanın “Berliner Kurier” portalı Berlin klubunun Regionalliga Nordostda keçirdiyi son oyunları təhlil edərkən xüsusilə Dadaşovun məhsuldar çıxışını önə çəkib.
“Dinamo” öz meydanında rəqiblərinə aman vermir. Komanda son olaraq II Bundesliqada çıxış edən futbolçuların da yer aldığı “Maqdeburq II”ni 4:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə Berlin təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 9 matça çatdırıb.
Qələbədə Rüfət Dadaşovun da böyük rolu olub. Hücumçu görüşdə iki dəfə fərqlənərək mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.
Dadaşov oyundan sonra əvvəlki matçdakı uğursuzluğunu da xatırladıb. O, “Leypsiq”lə qarşılaşmada komandasının 2:0 hesablı üstünlüyü zamanı iki real qol fürsətindən yararlana bilməyib və həmin görüş 2:2 hesabı ilə başa çatıb.
“Lokomotiv”lə oyundan sonra daim əsəbi idim. Çünki matçın taleyini həll etməli olduğumu bilirdim. İndi isə yenidən iki qol vurduğum üçün xoşbəxtəm. Ən vacibi komandamızın qələbə qazanmasıdır”, – deyə Dadaşov bildirib.
“Berliner Kurier” onun bu fikirlərini xüsusi vurğulayaraq maraqlı məqama diqqət çəkib. Nəşrin qənaətinə görə, Dadaşovun əsəb və qəzəbini düzgün istiqamətə yönəltməsi onun meydandakı məhsuldarlığını daha da artırır.
“Dinamo”nun baş məşqçisi Sven Körner də “Maqdeburq II” üzərində qələbədən razı qalıb. O, hesabın oyunun gedişinə nisbətən bir qədər böyük olduğunu etiraf etsə də, futbolçularının qələbəyə layiq olduğunu bildirib.
Klubun müdafiəçisi Tobias Günte isə komandanın geridə olduğu vəziyyətdən oyunu dəyişdirməsini və ikinci hissədə tempdən düşməməsini qələbənin əsas səbəblərindən biri kimi göstərib.
“Berliner Kurier” qarşıdakı “Qrayfsvalder” oyunu öncəsi “Dinamo”ya bir növ tövsiyə də verib: Dadaşovu məşqlərdə bir qədər “qıcıqlandırmaq” və onun enerjisini növbəti oyuna yönəltmək lazımdır. Çünki alman nəşrinin ifadəsi ilə desək, Dadaşovu böyük futbolçuya çevirən məhz onun qəzəbidir.
“Dinamo” növbəti turda “Qrayfsvalder”lə qarşılaşacaq. Berlin klubu hazırda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşıb və qarşıdakı görüş komandalar üçün xüsusi əhəmiyyət daşıyır.