“Qarabağ”ın ukraynalı vingeri Aleksey Kaşuk Ukraynanın tanınmış “Tribuna” nəşrinə müsahibə verib. İlk dəfə ölkəsinin əsas millisinə dəvət alması, Ağdam klubundakı çıxışı və karyera hədəfləri barədə danışan futbolçu maraqlı fikirlər səsləndirib.
– Aleksey, Ukrayna millisindən ilk dəvəti almaq sizin üçün necə bir hiss idi?
– Bu, mənim üçün həm böyük məsuliyyət, həm də həyəcan dolu an idi. Çünki Ukrayna millisindən ilk dəfə dəvət alırdım. Xəbəri eşidəndə çox sevindim. Bu anı uzun müddət gözləmişdim. Başa düşürəm ki, bu, təkcə mənim deyil, ailəmin də böyük sevincidir. İstəyirəm ki, bu anın hər saniyəsindən zövq alım.
– Dəvət sizin üçün gözlənilməz oldu, yoxsa belə bir fürsətin yaranacağını hiss edirdiniz?
– Daha çox gözlənilməz oldu. Amma hər bir futbolçu milli komandaya dəvət almağı arzulayır, bunun üçün çalışır. Eyni zamanda anlayıram ki, baş məşqçi məni yığmaya çağırıbsa, deməli, bu şansı qazanmışam.
– Milli komandaya dəvət aldığınızı nə vaxt öyrəndiniz?
– “Neftçi” ilə oyundan sonra komandanın administratoru mənə zəng etdi. Baş məşqçinin qarşıdakı təlim-məşq toplanışına məni dəvət etdiyini bildirdi. Həmçinin lazımi sənədləri hazırlamağımı və milliyə qoşulmağa hazır olmağımı söylədi.
– İlk reaksiyanız necə oldu? Xəbərin gerçək olduğuna dərhal inandınızmı?
– Əvvəlcə hər şey mənə bir qədər gözlənilməz gəldi. Amma dediyim kimi, milliyə düşməyi çox istəyirdim və bunun üçün ciddi çalışmışdım. İndi əsas məqsədim qarşıdakı məşqlərdə və oyunlarda bu fürsətdən maksimum yararlanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm.
– Komanda yoldaşlarınız sizi necə təbrik etdilər?
– Məni çox səmimi qarşıladılar. Bütün komanda yoldaşlarım bu xəbərə ürəkdən sevindilər. Baş məşqçi də şəxsən yaxınlaşaraq məni təbrik etdi. Bu, mənim üçün çox xoş idi.
– “Qarabağ” Çempionlar Liqasında çıxış edərkən diqqət mərkəzində idiniz, qollar vururdunuz. Hazırda komanda bu turnirdə iştirak etməsə də, siz milli komandaya dəvət almısınız. Sizcə, buna nə hesabına nail oldunuz?
– Məşqçilər korpusu müxtəlif liqalarda çıxış edən futbolçuları diqqətlə izləyir. Hər kəsin özünü göstərmək, sübut etmək və milli komandaya düşmək şansı var. Yaxşı oynayır, nəticə qazanır və komandanın uğurlarına töhfə verirsənsə, diqqətdən kənarda qalmayacaqsan. Gec-tez milli komandaya dəvət almaq fürsəti də yaranacaq.
– Hazırda karyeranızın ən yaxşı formasında olduğunuzu düşünürsünüzmü?
– Bunu dəqiq demək çətindir. Ancaq özümün daha yaxşı versiyasına çevrilmək yolundayam. Milli komandaya dəvət almağım və özümü daha yaxşı tərəfdən göstərmək imkanı mənim üçün əlavə motivasiyadır.