SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası baş tutub. Qurumun prezidenti Rövşən Nəcəfin sədrlik etdiyi yığıncaqda ölkə futbolu üçün mühüm qərarlar müzakirə olunub.
İclasda müzakirəyə çıxarılan əsas məsələlər və qəbul edilən qərarlar:
U-15 Dünya Çempionatı: Baş katib Cahangir Fərəcullayev FIFA-nın qərarı ilə bu il Azərbaycanda təşkil olunacaq 15 yaşadək oğlan futbolçuların ilk Dünya Çempionatı və Festivalı barədə məlumat verib.
Mövsümün yekunları: Ölkə futbolunda başa çatan 2025/2026 mövsümünün təşkilatçılığı, yarışların keyfiyyəti və ümumi inkişaf istiqamətləri müzakirə edilib.
Yeni Texniki Direktor: “Ayaks” akademiyasında, həmçinin Niderland və Çinin aşağı yaş qrupları üzrə millilərində zəngin təcrübəyə malik Edmond Klaus İK üzvlərinə təqdim olunub.
Akademiyaların sertifikatlaşdırılması: Baş katibin müavini Elçin Məmmədov yeni yaradılan Futbol İnkişaf Departamentinin fəaliyyəti və növbəti mövsümdən tətbiq ediləcək “5 ulduz” modeli üzrə klub akademiyalarının sertifikatlaşdırma qaydalarını diqqətə çatdırıb.
Uşaq futboluna yeni nəzarət mexanizmi: Misli Premyer Liqası klublarına uşaq futbolunun inkişafı üçün qrant şəklində ayrılan maliyyə yardımından istifadə qaydaları və yeni nəzarət mexanizmi səsverməyə çıxarılaraq qəbul olunub.
Elit Məşq layihəsi: Layihə üçün təklif olunan yeni format müzakirə edilib və İK üzvlərinin qeydləri əsasında onun təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.