AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və bir neçə klub ciddi maliyyə sanksiyaları ilə üzləşib. Son iclasında qəbul edilən qərarlara əsasən, Premyer Liqa və 1-ci liqa təmsilçiləri müxtəlif qayda pozuntularına görə cərimələniblər.
Premyer Liqa cərimələri
“İmişli” (5000 AZN): Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “İmişli” – “Sabah” matçı bitdikdən sonra meydana kənar şəxslərin daxil olması kluba baha başa gəlib. Bu hal mövsüm ərzində ikinci dəfə təkrarlandığı üçün klub 5000 manat məbləğində cərimə olunub.
“Neftçi” (8000 AZN): “Qəbələ” ilə qarşılaşmada azarkeşlərin rəqib futbolçusuna qarşı kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi “ağ-qaralar”ın büdcəsinə zərbə vurub. Cari mövsümdə bu hal artıq 6-cı dəfə baş verdiyindən, cərimə məbləği 8000 manata yüksəlib.
“Qəbələ” (3000 AZN): Sözügedən oyuna təyin olunan vaxtdan gec çıxaraq matçın startının gecikməsinə səbəb olan “Qəbələ” 3000 manat cərimə edilib.
“Şamaxı” (50 AZN): Əvəzedicilərin çempionatında “Sabah”la oyunun 20-ci turunda qırmızı vərəqə alan Həbib İsmayılovun hərəkətinə görə klubu simvolik məbləğdə cərimələnib.
Birinci Liqa cərimələri
Aşağı dəstədə də intizamsızlıq diqqətdən qaçmayıb. Birinci Liqanın 18-ci turunun oyunlarında qeydə alınan müxtəlif qayda pozuntularına görə bir neçə klub ümumi hesabla 3080 manat məbləğində cərimə ödəyəcək.
İntizam Komitəsi xüsusilə azarkeş davranışı və meydançaya kənar müdaxilələrlə bağlı sanksiyaları sərtləşdirməkdə davam edir.