“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Coni Montiel qış transfer pəncərəsində komandadan ayrılmamaq qərarına gəlib. 27 yaşlı futbolçuya Bolqarıstan, Çin, Türkiyə və Polşa klublarından real təkliflər gəlsə də, o, mövsümün sonuna qədər Ağdam təmsilçisinin heyətində qalmağı üstün tutub. Xatırladaq ki, Montiel ötən ilin yayında “Qarabağ”la “2+2” sistemi ilə müqavilə imzalayıb.
Oyunçu ilə maraqlanan klublar rəsmi təkliflərini yay transfer dövründə “Qarabağ”a təqdim edəcəklər. Mövsüm bitdikdən sonra Montielin komandada qalıb-qalmayacağı və ya “atlılar”a ciddi məbləğdə təzminat qazandıraraq başqa kluba keçəcəyi dəqiqləşəcək.
Montielin bu qərarı “Qarabağ”ın həm daxili çempionatda, həm də Avrokuboklardakı iddialarını qorumaq baxımından strateji əhəmiyyət kəsb edir. Heyət sabitliyini qorumaq istəyən Qurban Qurbanov üçün ispaniyalının qalması yayda daha sərfəli transfer imkanları yarada bilər.