“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill, Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın sonuncu rəqibi olan “Liverpul”u “Bornmut”a məğlubiyyətdən (2:3) sonra kəskin tənqid edib. Ekspert öz podkastında (“The Gary Neville Podcast”) komandanın oyununu və rəhbərliyin bəhanələrini hədəfə alıb:
“Onlar müdafiədə olduqca zəif təsir bağışlayırdılar. Oyunu izləyərkən ağlıma gələn ilk fikir bu oldu: “Liverpul” həddindən artıq “yumşaq” görünür. Bəzi epizodlarda o qədər kövrək idilər ki, bu, onların döyüşkən ruhuna tamamilə ziddir. Komanda hücumda kəsərini itirib, müdafiədə isə boşluqlar verir. İndi onlara qarşı oynamaq rəqiblər üçün daha asandır və bu, ciddi siqnaldır. Əgər “Liverpul” özünü toparlamasa, ötən il çempionluqla qazandığı o qorxunc nüfuzunu itirəcək.
Mən onlara meydanda “ağlağan” deməzdim, amma kənardan baxanda elə hiss yaranır ki, sanki özlərini qurban kimi aparır, onlarla pis rəftar edildiyini düşünürlər. Əgər kollektiv daxilində belə bir ab-hava formalaşıbsa, təcili bundan qurtulmaq lazımdır.
Həftə ərzində klub rəsmilərindən və baş məşqçidən eşitdiyim “bu, keçid mövsümüdür” bəhanəsini qətiyyən qəbul etmirəm. Xeyr, unudun bunu, mən bu sözləri eşitmək belə istəmirəm. Yayda transferlərə 450 milyon funt-sterlinq xərcləyib ardıcıl ikinci çempionluğa oynayan komanda üçün bu, keçid dövrü ola bilməz. Gəlin tarixi və mövsümün əvvəlindəki iddiaları saxtalaşdırmayaq.
Ekitike, Virts, İsak, Frimponq, Kerkez… Bu transferlər keçid mövsümü üçün edilməyib. Bu, Salah, van Deyk, Alisson, Mak Allister və Konate kimi ulduzları olan, oturuşmuş çempion komandanı daha da gücləndirmək üçün atılan addımlar idi. Bu, qətiyyən yenidənqurma prosesi deyil”.