Təzəkdə batan “Turan”, “Kəpəz”…
“Qarabağ” Avropa kuboklarında qələbə qazanan kimi cuşa gəlib futbolumuzun inkişafından danışırıq. Bəli, “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanov bu klubun uğur qazanması üçün böyük işlər görüb və futbolumuzun beynəlxalq arenada imicini xeyli qaldırıb. Fərqi yoxdur, 9 legionerlə, ya 11-i ilə. Əlində olan materialdan maksimum nəticə qazanmaq həm klub rəhbərliyi, həm də baş məşqçinin, xüsusi ilə də sonuncunun xidmətidir. O qədər super heyətlə batan klublar olub. Sırf klub menecmentinin və məşqçinin yarıtmaz işi ilə. Amma “Qarabağ”ın yaratdığı mənzərəni bir məşhur misalla təsvir etmək olar: Üstü bəzək, altı təzək!
“Benfika” üzərində qələbədən sonra xaricdə yaşayıb yaradan futbola aid olan-olmayan hər kəs futbolumuza tərif yağdıranda başqa bir misal yadıma düşdü: İçim özümü yandırır, çölüm başqasını. Premyer-Liqanın növbəti turuna nəzər salanda adam bilmir gülsün, ya ağlasın. Sanki ölkə futboluna rəhbərlik edənlər ən əcaib, ən çirkli arzularını həyata keçirməklə məşğuldur. Yerlərin qarmaqarışıq düşdüyü belə çirkin arzular ya məlum filmlərdə olar, ya da ağıla gələnin mümkün olduğu cizgi filmində. Məsələn, ABŞ-ın məşhur bir cizgi filmində süngər Sponge Bob filmin qəhrəmanıdır. Bu filmin müəllifi ağlına gələn ən anormal fantaziyaları həyata keçirib. Ölkə çempionatındakı mənzərə də eyni cürdür. AFFA rəhbərliyi sanki ən anormal arzularını həyata keçirərək mənzərədən ləzzət alır. Bir dəfə oğlum uşaq ikən “Sponge Bob” filminə baxdıqdan sonra mənə qəfil sual verdi: “Ata, bu cizgi filmini çəkən narkomandır?” Doğrudan da ancaq narkoman olmalısan ki, belə anormal bir cizgi filmi ağlına gəlsin.

Nə isə uzağa getməyək, gəlin bizim çempionatda yaranmış eybəcərliyə nəzər salaq. Deməli, Gəncə klubu Qəbələdə oynayır, İmişli klubu Qubada, Naxçıvan klubu Bilgəh, demək olar ki, Bilgəh çimərliyində, Ağdam klubu Suraxanıda, Tovuz klubu Suraxanıda, Yevlax klubu Şamaxıda. Ağdam klubunu anlamaq olar, amma digər 5 klubun hansı səbəbdən qaçqın düşməsini anlamaq mümkün deyil. İndi hansı məntiqlə stadiona azarkeş gəlsin? AFFA-nın bu vəziyyəti yaratmasının səbəbi nədir? Klubları rayonlarda sərgərdan edib, aləmi bir-birinə qarışdırıb çirkin fantaziyalardan orqazm olmaq? Bu cür fantaziya kimin ağlına gələr? İmişlini göndər Qubaya, Naxçıvanlını Bilgəh çimərliyinə, Gəncəni Qəbələyə… Belə fantaziya sahibi ancaq “Sponge Bob” müəllifinin ağlına gələ bilər. Amma Stefen Hillenburqu haradasa anlamaq olar. O, həm okeanoloq idi, həm də böyük pullar qazanmaq istəyirdi. Fantaziyası ilə anormal arzularını birləşdirməklə marağını təmin etmiş oldu. Bəs AFFA rəhbərliyinin bu dolaşıqlığı yaratmaqda məqsədi nədir? Niyə çempionatdan əvvəl “İmişli” və “Karvan”ın öz stadionlarında oynaması üçün sərt şərtlə çıxış etmədi. Axı, onsuz da məlumdur ki, hazırda klubların əsas gəlir mənbəyi dövlətdəndir və bu pulların bölüşdürülməsi zamanı o rayonların azarkeşlərinin haqqı niyə tapdalanmalıdır? Axı, aydındır ki, bu cür “mazoxizm” futbolun inkişafına xidmət etməyəcək. Qubalı niyə gəlib İmişli klubuna azarkeşlik etsin və klubdan nə tələb etsin? Bu məsələdə məsrəfləri göz önünə alaraq Qəbələdə oynamağa üstünlük verən “Qəbələ” rəhbərliyi alqışa layiqdir. Tovuz kimi, Gəncə kimi futbol beşiklərini futbolsuz qoyan AFFA və klublar ən sərt tənqidə və azarkeşlərin ən sərt “lüğət fonduna” layiqdir. Onlar “Qarabağ”ın üstünü bəzədiyi futbolda təzəyə batanlardılar.