“Sabah” heyətini növbəti legionerlə gücləndirib. Klubun mətbuat xidmətinin məlumatına görə, paytaxt təmsilçisi braziliyalı hücumçu Karlos Eduardonu transfer edib. 24 yaşlı futbolçu Portuqaliyanın “Jil Visente” klubundan icarəyə götürülüb.
Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Sazişdə “Sabah”ın futbolçunun transfer hüquqlarını almaq bəndidə yer alıb. Karlos Eduardo “Sabah”a keçidindən əvvəl “Jil Visente” ilə müqaviləsini daha bir il uzadaraq 2029-cu ilin yayına qədər yeni sözləşməyə imza atıb.
Karlos Eduardo Borges Parente 2002-ci il avqustun 10-da Braziliyanın Santa-Katarina ştatında anadan olub. Boya 1,92 metr olan hücumçu karyerasına ölkəsində “Bruski” klubunda başlayıb. 2020-ci ildə Portuqaliyaya yollanan futbolçu əvvəlcə “Nasyonal”ın, daha sonra “Maritimu”nun sistemində çıxış edib. O, “Felgeyraş”da xüsusilə məhsuldar mövsüm keçirib – 2024/25 mövsümünün ilk yarısında II Liqada 13 oyunda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu göstəricilərdən sonra “Jil Visente”yə keçən braziliyalı burada zədə səbəbindən ilk ayları buraxıb. 2025/26 mövsümündə 15 oyunda 2 qol vurub. Həmin qollardan biri “Sportinq”ə qarşı matçda komandaya heç-heçə qazandırıb.
Karlos Eduardo yeni mövsümə də “Jil Visente”nin əsas heyətində başlayıb və çempionatın ilk iki turunda meydana çıxıb. Lakin indi karyerasını ölkəmizdə davam etdirəcək.
“Sabah” üçün bu transfer hücum xəttinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bakı klubu bu mövsüm həm ölkə çempionu kimi titulunu qorumağa, həm də tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparmağa hazırlaşır. Komanda turnirdə ilk oyununu sentyabrın 10-da “Mançester Yunayted”ə qarşı “Old Trafford”da keçirəcək. “Bayquşlar”ın yeni transferi Çempionlar Liqasının əsas mərhələsinin “Mançester Yunayted”lə matçında kömək edə bilməyəcək. Belə ki, onun adı iştirak ərizəsinə daxil edilməyib.