Azərbaycan Premyer Liqasında IV turun ikinci oyun gününə yekun vurulub.
Günün son qarşılaşmasında “Neftçi” doğma meydanda debütant “Şəfa”nı qəbul edib. “Palms Sports Arena”da keçirilən görüş meydan sahiblərinin üstünlüyü ilə yadda qalıb. “Ağ-qaralar” rəqibini 4:1 hesabı ilə məğlub edərək turun növbəti üç xalını aktivinə yazıb.
“Neftçi” qarşılaşmaya daha fəal başlayıb. Meydan sahibləri topa nəzarəti ələ almağa və hücumları əsasən cinahlar üzərindən qurmağa çalışıb. “Şəfa” isə müdafiədə kompakt dayanaraq sürətli əks-hücumlarla təhlükə yaratmağa cəhd göstərib.
İlk yarıda komandaların mübarizəsi kifayət qədər gərgin keçsə də, hesab yalnız 35-ci dəqiqədə açılıb. Rüfət Abbasov “Neftçi”ni hesabda önə keçirib. Fasiləyə meydan sahiblərinin minimal üstünlüklə yollanıblar.
İkinci hissəyə isə debütant komanda daha inamlı başlayıb. 48-ci dəqiqədə Murad Musayev fərqlənərək hesabı bərabərləşdirib. Lakin “Neftçi”nin reaksiyası özünü çox gözlətməyib.
Bu dəfə səhəyə Alen Şkribek çıxıb. Onun iki dəqiqə ərzində vurduğu iki qol oyunun bütün ssenarisini dəyişib.
Bundan sonra “Neftçi” daha rahat oynamağa başlayıb, “Şəfa” isə hesab fərqini azaltmaq üçün irəli çıxarkən müdafiədə boşluqlar yaradıb. Nəticədə Almeydanın penaltisi meydan sahiblərinin böyük hesablı qələbəsini rəsmiləşdirib.
“Neftçi” – “Şəfa” – 4:1 (1:0)
Qollar: Abbasov, 35 (1:0), Musayev, 48 (1:1), Şkribek, 64 (2:1), 66 (3:1), Almeyda, 79-pen. (4:1).
Stadion: Bakı, “Palms Sports Arena”
Baş hakim: Əliyar Ağayev
“Neftçi”: Emil Balayev, Emin Mahmudov (k) (Gustavo Klisman, 69), Murad Xaçayev, Rüfət Abbasov, Falaye Sako, İfeanyi Metyu (Emil Səfərov, 68), Bassala Sambu (Freddi Varqas, 46), Endryu Qraviyon, Lyubomir Tupta, Breno Almeyda (Draqolyub Saviç, 84), Alen Şkribek (Viko Şevel, 81).
“Şəfa”: Nicat Mehbalıyev, Murad Musayev (k), Nihad Quliyev, Fərid Yusifli (Rauf Hüseynli, 77), Bafode Dansoko (Treyvon Fuller, 46), Maudo Jarju, Mussa Guel, Andrey Draqu, Luis Felipe (Nahid Əliyev, 63), Umar Diav (Dilan Mertens, 46), Kristofer Mamengi.
Sarı vərəqə: Luis Felipe.