Böyük Britaniya Milli Cinayət Agentliyi (NCA) Premyer Liqaya məxsus 10 milyon funt sterlinqdən çox vəsaiti dondurub. Buna səbəb İngiltərə çempionatının əməkdaşlıq etdiyi kriptovalyuta şirkəti “Sorare” ilə bağlı aparılan araşdırmadır.
“The Sun”un məlumatına görə, NCA 2025-ci ilin yanvarında Vestminster Magistrat Məhkəməsinin qərarı əsasında Premyer Liqanın “Barclays” bankındakı hesabında saxlanılan 10,024 milyon funt sterlinq vəsaitin dondurulmasına nail olub. Söhbət “Sorare”nin Premyer Liqaya dördillik müqavilə çərçivəsində etdiyi ilk ödənişdən gedir.
“Sorare” rəqəmsal futbol kartlarının toplandığı və istifadəçilərin real futbolçuların çıxışına əsasən xal qazandığı fantazi futbol platformasıdır. Şirkətin simaları arasında Lionel Messi və Kilian Mbappe də yer alır.
Şirkət Böyük Britaniyada lisenziyasız qumar fəaliyyəti göstərməkdə şübhəli bilinir. “Sorare” isə hər hansı qanun pozuntusunu rədd edir və platformasının şansa deyil, istifadəçinin bacarığına əsaslandığını bildirir.
Şirkətlə bağlı araşdırmaya baxmayaraq, Premyer Liqanın özünün hər hansı cinayət törətməkdə şübhəli bilinmədiyi vurğulanır. NCA-nın nümayəndəsi bildirib ki, vəsaitin dondurulmasında məqsəd araşdırma davam etdiyi müddətdə pulun başqa istiqamətə köçürülməsinin qarşısını almaqdır.
Premyer Liqa ilə “Sorare” arasında əməkdaşlıq 2023-cü ildə imzalanmışdı. Müqavilənin ümumi dəyəri təxminən 120 milyon funt sterlinq idi. Razılaşma çərçivəsində şirkətə Premyer Liqa futbolçularının rəqəmsal kartlarını öz platformasında istifadə etmək hüququ verilmişdi. Əməkdaşlıq 2025/26 mövsümünün sonunda dayandırılıb. Məlumata görə, dondurulan vəsait “Sorare”nin həmin müqavilə üzrə Premyer Liqaya etdiyi ilkin ödənişdir və Premyer Liqanı idarə edən şirkətin “Barclays” hesabında saxlanılırdı. “Sorare”nin bazar dəyəri isə təxminən 3,1 milyard funt sterlinq qiymətləndirilir. Premyer Liqa məsələ ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.