FİFA prezidenti Canni İnfantinonun ali futbol qurumunun əsas turnirlərini qismən özəlləşdirmək planında adı hallanan amerikalı investor Coşua Kuşner sükutunu pozub. ABŞ-nin prezidenti Donald Trampın kürəkəninin qardaşı olan biznesmen qalmaqallı layihədə iştirak etdiyinə görə təəssüf hissi keçirdiyini gizlətməyib.
İnfantinonun turnirləri özəl sektora satmaq planı futbol ictimaiyyətində sərt reaksiya doğurmuş və genişmiqyaslı etirazlardan sonra İtaliya mənşəli funksioner geri çəkilmək məcburiyyətində qalmışdı. Lakin məsələ bununla bitməyib. UEFA-nın FİFA prezidenti və digər rəsmi şəxslərə qarşı cinayət işinin açılması imkanlarını nəzərdən keçirdiyi bildirilir. Mətbuatın yaydığı məlumata görə, Avropa futbol qurumu Nyu-York məhkəməsində Kuşnerlə bağlı qaldırılan işə də müdaxilə edib.
Baş verənlərdən sonra açıqlama verən Coşua Kuşner layihənin beynəlxalq idman səhnəsində yaradacağı gərginliyi düzgün qiymətləndirə bilmədiklərini etiraf edib: “Biz FFE layihəsinin əsas qayəsini dəstəkləsək də, beynəlxalq futbolun içindəki siyasi dinamikanı və bəzi tərəflərin nə dərəcədə irəli gedə biləcəyini lazımi səviyyədə qiymətləndirə bilmədik. Hadisələrin bu həddə çatacağını öncədən bilsəydik, bu işə qətiyyən qarışmazdıq”.