“Barselona”nın 19 yaşlı ulduzu Lamin Yamal növbəti dəfə futbol tarixində iz qoyub. İspaniya La Liqasının III turunda “Rayo Valyekano” ilə oyunda fərqlənən Yamal həm “böyük beşlik” çempionatlarında, həm də Kataloniya klubunda yeni yaş rekorduna imza atıb.
“Barselona”nın “Rayo Valyekano”nu 5:2 hesabı ilə məğlub etdiyi görüşün 21-ci dəqiqəsində komandasının hesabını açan Yamal bununla “böyük beşlik” çempionatlarında 50-ci qolunu vurub.
19 yaş 49 günündə bu göstəriciyə çatan ispaniyalı futbolçu Kilian Mbappenin (19 yaş 241 gün) və Erlinq Holannın (20 yaş 196 gün) rekordlarını geridə qoyub.
Yamal bununla kifayətlənməyib. O, “Barselona” tarixində 50 qola çatan ən gənc futbolçu adına da sahib çıxıb. Bu nəticə ilə Xosep Eskolanın 91 il əvvəl müəyyənləşdirdiyi rekordu yeniləyən Yamal klub əfsanəsi Lionel Messini də geridə qoyub.
Eskola 1935-ci ildə 20 yaş 356 günündə, Messi isə 21 yaş 120 günündə “Barselona”nın heyətində 50-ci qolunu vurmuşdu.
Beləliklə, Lamin Yamal cəmi 19 yaşında həm Messi, həm Mbappe, həm də Holann kimi dünya futbolunun ulduzlarını geridə qoyaraq daha bir tarixi rekorda imza atıb.
Yeri gəlmişkən, Hans-Diter Flikin başçılıq etdiyi “Barselona” ilk 3 turdan sonra 9 xalla turnir cədvəlinin zirvəsində yer alır. Kataloniyalılar növbəti matçını sentyabrın 6-da səfərdə “Valensiya”ya qarşı keçirəcək.