İtaliya A Seriyasında hakimlik siyasətinin dəyişməsi oyunların tempini nəzərəçarpan dərəcədə artırıb və VAR sisteminin müdaxiləsini minimuma endirib. UEFA-nın yeni tövsiyələrinə əsaslanan bu addım sayəsində ilk turda orta xalis oyun vaxtı ötən mövsümkü 54 dəqiqə 20 saniyədən 58 dəqiqə 17 saniyəyə yüksəlib. Futbolçuların zədə simulyasiyası ilə vaxt itirməsi halları da azalıb.
Reforma UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettinin “Bu futboldur, PlayStation deyil” prinsipinə söykənir. İtaliya Hakimlik Korpusunun rəhbəri Daniele Orsato və texniki direktor Domeniko Messina da yeni xəttə tam dəstək verirlər. Messinanın sözlərinə görə, əsas məqsəd oyunu sürətləndirmək və referiləri meydanda daha cəsarətli etməkdir: “Adi kontaktları deyil, məhz aşkar qayda pozuntularını qiymətləndirmək lazımdır”.
Mövsümün keçirilən 18 matçında baş hakimlər bir dəfə də olsun meydança kənarındakı VAR monitoruna yaxınlaşmayıblar; yalnız kadrarxası (“səssiz”) yoxlamalar aparılıb. Müqayisə üçün qeyd edək ki, ötən mövsümün analoji dövründə 4 dəfə monitora baxış keçirilmişdi. “Yuventus” – “Parma” və “Fiorentina”nın oyunlarındakı mübahisəli epizodlarda VAR-ın müdaxilə etməməsi də yeni qaydaların tərkib hissəsi kimi qiymətləndirilib.
Artıq VAR texnologiyası yalnız referinin gözündən qaçan kobud xətalar zamanı dövrəyə girəcək. Ötən mövsüm VAR-ın hər xırda epizoda qarışmasını tənqid edən futbol ictimaiyyəti indi onun “yoxa çıxmasını” müzakirə etsə də, ekspertlər ideal balansın tezliklə tapılacağını bildirirlər.