2018-ci ilin dünya çempionu olan Cibril Sidibenin “Le-Man” klubundakı debütü əsl kabusa çevrilib. Təcrübəli müdafiəçi “Renn”ə qarşı keçirilən matçda ehtiyatdan meydana daxil olduqdan cəmi 43 saniyə sonra qırmızı vərəqə alaraq meydandan qovulub.
Hesab 2:2 olarkən qarşılaşmanın 68-ci dəqiqəsində oyuna qoşulan Sidibe topa bir dəfə də toxunmağa macal tapmayıb. Meydanın mərkəzində rəqib futbolçu Esteban Lepoldan topu almağa çalışan müdafiəçi rəqibin ayağına sərt müdaxilə edib. Baş hakim tərəddüd etmədən ona birbaşa qırmızı vərəqə göstərib. Sidibe qərara təəccüblənib başını tutsa da, təkrar kadrlar onun rəqibin topuğuna təhlükəli şəkildə basdığını açıq-aşkar nümayiş etdirib. Nəticədə azlıqda qalan “Le-Man” matçı 2:3 hesabı ilə məğlub başa vurub.
Bu qovulma ilə Sidibe Fransa liqalarının tarixinə antirekordla düşüb. O, oyuna sonradan daxil olaraq ən tez qırmızı vərəqə alan oyunçu ünvanına sahib çıxıb. Əvvəlki rekord 2015-ci ildə “Marsel”in heyətində 47-ci saniyədə meydandan qovulan Bencamen Mendiyə məxsus idi. Siyahının növbəti pilləsində isə 52 saniyə ilə Yohan Kabay qərarlaşıb.
Maraqlıdır ki, Almaniya Bundesliqasında da analoji antirekord məhz 43 saniyəyə bərabərdir. Frankfurt “Ayntraxt”ının futbolçusu Marsel Titş-Rivero Dortmund” Borussiya”sı ilə matçda (1:3) baş məşqçi Kristof Daum tərəfindən 79-cu dəqiqədə meydana buraxıldıqdan dərhal sonra cərimə meydançasında qaydanı pozduğuna görə qırmızı vərəqə ilə cəzalandırılmışdı. Bu, Titş-Riveronun Bundesliqadakı ikinci və sonuncu oyunu olmuşdu.