“Mançester Siti”nin və Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol qeyri-adi avtomobil seçimi ilə sosial şəbəkələrdə böyük maraq oyadıb. Bir çox tanınmış futbolçuların son model lüks lisenziyalı maşınlara üstünlük verdiyi bir vaxtda, xorvatiyalı ulduzun retro avtomobili fanatları heyran qoyub.
Ötən şənbə günü klubun məşq bazasını tərk edərkən çəkilən videoda Qvardiolun azyaşlı azarkeşə avtoqraf vermək üçün maşını saxladığı və onu lentə alan şəxsə təşəkkür etdiyi görünür. Lakin izləyicilərin əsas diqqətini onun idarə etdiyi nəqliyyat vasitəsi cəlb edib. Ağ diskləri və ralli stikerləri olan al-qırmızı, 2000-ci il istehsalı Mitsubishi Lancer Evolution VI.
Qısa müddətdə 250 minə yaxın baxış və 20 mindən çox bəyənmə toplayan kadrlar göstərir ki, bu, sıravi model deyil. Qvardiol dördqat dünya ralli çempionunun şərəfinə buraxılmış xüsusi “Tommi Makinen Edition” versiyasını idarə edir. Futbolçu 1990-cı illərin avtosport ikonu hesab edilən kult modelə üstünlük verib.
Qvardiolun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Rəy bölməsində azarkeşlər xorvatiyalı müdafiəçinin zövqünü tərifləyərək “Nəhayət, göstəriş xatirinə deyil, həqiqi maşın sürən futbolçu gördük”, “Qvardiol keyfiyyətli avtomobildən başı çıxan yeganə futbolçudur” kimi şərhlər yazıblar.