Skandinaviyanın altı futbol federasiyası birgə bəyanat yayaraq FİFA prezidenti Canni İnfantinoya olan etimadlarını itirdiklərini bəyan edib. Şimal ölkələri ali futbol qurumunun idarəçiliyini kəskin tənqid edərək təşkilat daxilində müstəqil təhqiqatın aparılmasını tələb ediblər.
Məsələnin kökü avqustun əvvəlinə təsadüf edir. Norveç Futbol Federasiyasının (NFF) rəhbəri Liza Klaveness İnfantinonun postundan getməsini açıq şəkildə tələb etmişdi: “Canni İnfantino üçün geriyə yol yoxdur. O, FİFA-nı sabit idarə etmək üçün lazımi institusional etimadı itirib. Beynəlxalq futbol əməkdaşlığı ciddi böhran içindədir”.
Keçirilən son görüşdən sonra 6 Skandinaviya federasiyası UEFA-nın addımlarını tam dəstəklədiklərini və FİFA-nın ali rəhbərliyinin qərar qəbul etmə prosesindən dərin narahatlıq keçirdiklərini bildirib. Bəyanatda ali futbolqurumu idarəçiliyinin və yarışların keçirilmə hüquqlarının heç bir halda özəl sektora ötürülməməsi üçün hüquqi zəmanətlərin verilməsi tələb olunur.
Şimal ölkələri Asiya (AFC), Şimali və Mərkəzi Amerika (KONKAKAF) və UEFA-nın “FIFA Forward Enterprise” layihəsi ilə bağlı müstəqil xarici təhqiqat aparılması təşəbbüsünə qoşulublar.
Federasiyalar FİFA-nın mövcud idarəetmə sisteminin 2016-cı ildə qəbul edilmiş islahat paketindəki şəffaflıq, müstəqillik və hesabatlılıq prinsiplərinə nə dərəcədə cavab verdiyini müəyyən etmək üçün kompleks audit aparılmasını istəyirlər.