UEFA prezidenti Aleksander Çeferin Dünya çempionatının özəlləşdirilməsi ilə bağlı uğursuz islahat cəhdindən sonra mövqeləri zəifləyən FİFA prezidenti Canni İnfantinoya qarşı kəskin media hücumuna keçib.
“Rest is Politics” podkastına müsahibə verən Çeferin FİFA-nın qalmaqallı layihəsini sərt şəkildə tənqid edib: “Məncə, bu plan hətta Süper Liqa layihəsindən də bərbaddır. Böyük klublar öz liqalarını yaratmaq istəyirdilər və bu, futbolu məhv edərdi. Lakin FİFA-nın təklif etdiyi halda futbolu sadəcə satmaq istəyirdilər. Bu planın iflasa uğradığına tam əminəm. Hər kəsə məxsus olan bir idman növünə hansı insanların xəyanət edə biləcəyini təsəvvür etmək belə çətindir. Biz buna heç vaxt imkan verməyəcəyik”.
UEFA rəhbəri İnfantinonun bu gizli planından tamamilə xəbərsiz olduqlarını və məsələni ailəsi ilə istirahətdə olarkən mətbuatdan öyrəndiyini vurğulayıb: “Həmin hadisədən bəri o, mənimlə heç bir əlaqə saxlamayıb”.
Müsahibəsinin sonunda Çeferin FİFA prezidentinin yürütdüyü siyasəti ifşa edib: “Onlar ‘Təkəbbürlü Avropa bizə qarşıdır. Onların kifayət qədər pulu var, mən isə kiçik və kasıb federasiyalara kömək edirəm’ tezisi ilə oynayırlar. Lakin düşünürəm ki, kimsə İnfantinoya özünün də avropalı olduğunu və vaxtilə məhz UEFA-nın dəstəyi ilə bu posta gəldiyini xatırlatmalıdır. Görünür, o, bunları artıq unudub”.