Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda bu gün növbəti matçına çıxır.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv III tur çərçivəsində Rumıniya seçməsi ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında təşkil olunacaq görüş saat 18:30-da start götürəcək. Qrupun digər oyununda isə saat 15:30-da Niderland və Portuqaliya komandaları üz-üzə gələcək.
İki turdan sonra maksimum nəticə göstərən (6 xal) yığmamız C qrupuna təkbaşına başçılıq edir. Voleybolçularımız ilk matçda Portuqaliyanı 3:1, ardından İspaniyanı 3:0 hesabı ilə məğlub ediblər.
İspaniya üzərindəki vacib qələbəni şərh edən millinin aparıcı voleybolçusu Yelizaveta Ruban revanş almağı bacardıqlarını vurğulayıb: “Bu oyun bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki İspaniyaya daha əvvəl Avropa Liqasında 1:3 hesabı ilə məğlub olmuşduq. Komandammızın nümayiş etdirdiyi oyundan çox məmnunam. İlk matçla müqayisədə daha az səhvə yol verdik və nəticədə qələbə qazandıq.
Əsas məqsədimiz qrup mərhələsini uğurla adlamaqdır. Lakin pley-offa neçənci yerdən yollanacağımız da çox vacibdir, çünki bu, növbəti mərhələdəki rəqibimizi müəyyənləşdirəcək. Ona görə də hər qarşılaşma bizim üçün qızıl dəyərindədir”.