Lionel Messinin növbəti qolu “İnter Mayami”ni məğlubiyyətdən xilas edə bilməyib. MLS-də “Toronto”ya 1:2 hesabı ilə uduzan Florida təmsilçisinin qələbəsizlik seriyası artıq 5 oyuna çatıb.
Meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatan matçın 82-ci dəqiqəsində Rodriqo De Paulun ötürməsini qolla tamamlayan Messi, peşəkar karyerasında 923-cü, “İnter Mayami” heyətində isə 94-cü dəfə fərqlənib. MLS-in bombardirlər yarışında ikinci pillədə qərarlaşan argentinalı ulduzun fərdi məhsuldarlığı komandanı böhrandan çıxarmağa kifayət etmir.
Həm MLS, həm də Liqa Kubokunda çətin günlər keçirən Mayami klubu son 5 matçda 4 uduzub (“Monterrey” 1:2, “Leon” 2:3, “Nəşvill” 1:4, “Toronto” 1:2) və yalnız bir oyunda heç-heçə (“Filadelfiya Yunion” 2:2) edib.
Uğursuz gedişatla yanaşı, Messi intizam sanksiyası ilə də üzləşib. MLS İntizam Komitəsi “Filadelfiya Yunion”la matçın videoicmalını nəzərdən keçirdikdən sonra təcrübəli hücumçunu cərimələyib. Oyun zamanı baş hakimin diqqətindən qaçan epizodda Messinin rəqib futbolçu Kuin Sallivanın üzünə zərbə endirdiyi müəyyən olunub. Maraqlıdır ki, cərimənin məbləği rəsmən açıqlanmayıb.
Uğursuz zolağa baxmayaraq, “İnter Mayami” Şərq Konfransında 2-ci pillədəki mövqeyini qoruyur. Lider “Nəşvill”dən 7 xal geridə qalan Florida təmsilçisi zirvə uğrunda mübarizə şansını saxlayır.