25 yaşlı yarımmüdafiəçi Kvevin Kastronun qəfil vəfatı futbol dünyasını sarsıdıb. Portuqaliyanın “Real Sport Klubu” komandasının şərəfini qoruyan futbolçu “Estrela da Amadora”ya qarşı keçirilən yoldaşlıq matçında meydanda qəfildən huşunu itirərək yıxılıb. Həkimlərin defibrilyator vasitəsilə etdiyi təcili tibbi müdaxiləyə və xəstəxanaya çatdırılmasına baxmayaraq, gənc oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Faciəvi itki ilə bağlı bəyanat yayan “Real Sport Klubu” Kastronun xatirəsini ehtiramla anıb: “Kvevin Kastro sadəcə bir futbolçu deyildi, o, ailəmizin ayrılmaz hissəsi idi. İstər meydanda, istərsə də meydandan kənarda tanıyan hər kəsin qəlbində silinməz iz qoydu”.
Karyerasının böyük hissəsini Britaniya futbol piramidasının aşağı liqa klublarında keçirən Kastro, 2021–2022-ci illər mövsümündə “Vest Bromviç”in heyətində yer alaraq Liqa Kubokunda “Arsenal”a, Çempionşipdə isə “Suonsi”yə qarşı rəsmi oyunlarda forma geyinmişdi. Vaxtilə “Arsenal” və “Çelsi” kimi İngiltərə nəhənglərinin də diqqətini çəkərək baxışda olan gənc yarımmüdafiəçinin vaxtsız gedişi doğmalarını və futbol ictimaiyyətini dərin hüznə qərq edib.