Qadın voleybolçulardan ibarət millimiz Bakıda keçirilən Avropa çempionatının C qrupunda növbəti qələbəsini qazanıb.
Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız qrupun ikinci turunda İspaniya seçməsi ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında təşkil olunan qarşılaşma komandamızın tam üstünlüyü şəraitində keçib və 3:0 (25:16, 25:22, 25:15) hesablı inamlı qələbəmizlə yekunlaşıb.
Bununla da xallarının sayını 6-ya çatdıran yığmamız qrup liderliyini möhkəmləndirib. Xatırladaq ki, qadınlarmız turnirin açılış matçında Portuqaliyanı 3:1 hesabı ilə məğlub etmişdi. İspaniya isə ilk duelində Belçikaya tay-breykdə uduzmuşdu (2:3).
Günün C qrupunda baş tutan digər qarşılaşmasında Belçika yığması Portuqaliyanı üstələyib – 3:0 (25:16, 25:21, 25:11). Qeyd edək ki, qadın voleybolçular arasında qitə birinciliyinə Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiya ev sahibliyi edir. Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniyanın da yer aldığı, Bakıda təşkil olunan C qrupunun matçlarına avqustun 28-də yekun vurulacaq.