Premyer Liqanın II turunda doğma divarlar arasında “İmişli”ni 3:1 hesabı ilə məğlub edərək maksimum nəticə qazanan “Zirə”də işlər qaydasındadır. Matçdan sonra təşkil olunan mətbuat konfransında komandanın çıxışını dəyərləndirən baş məşqçi Rəşad Sadıqov gərgin mübarizədən və yetirmələrinin iradəsindən məmnun qalsa da, heyətin gücləndirilməsinin vacibliyini gizlətməyib. Gənc mütəxəssis həm rotasiya planlarından, həm də transfer bazarındakı hədəflərindən danışıb.
Matçın gedişatına və komandasının hücum futboluna toxunan Sadıqov, xüsusilə qarşılaşmanın son dəqiqələrində sərgilənən oyundan razı qaldığını bildirib: “İnanılmaz dərəcədə gərgin və maraqlı matçın şahidi olduq. Xüsusilə ikinci hissədə oyunun tempi çox yüksək idi. Bir neçə qol epizodunu əldən verdik, lakin futbolçular sonadək qələbəyə inandılar və meydanda təmkinli davrandılar. Son dəqiqələrdə tam müdafiəyə çəkilməmək vacib idi və komandamız məhz bu cür oynadı. Hətta hesab 2:1 xeyrimizə olarkən belə uşaqlar hücum etməyə davam etdilər və nəticədə üçüncü topu vura bildik”.
Kapitan Qismət Alıyevin ehtiyatda qalması və müdafiə xəttindəki dəyişikliklərə toxunan baş məşqçi, bunun əvvəlcədən düşünülmüş strategiya olduğunu vurğulayıb: “Biz bunu bütün mövsüm üçün planlaşdırmışıq. Ötən mövsüm Qismət öz mövqeyində tək idi və o, zədələnəndə ciddi çətinliklərlə üzləşirdik. Hazırda isə üç kənar müdafiəçimiz var və mövsümboyu rotasiyalar edəcəyik. Onun bu gün ehtiyatda qalması digər oyunçulardan geri qaldığı anlamına gəlmir”.
Rəşad Sadıqov çıxışının sonunda komandanın transfer planlarına da aydınlıq gətirib. O, heyətin gücləndirilməsinin vacibliyini qeyd edərək, yaxın vaxtlarda yeni adların açıqlana biləcəyinin siqnalını verib: “Heyətdə hələ də müəyyən boşluqlar var və yeni futbolçuların axtarışı istiqamətində işlər davam edir. Hazırda bir neçə oyunçu ilə danışıqlar aparırıq və heyəti mütləq genişləndirməliyik. Daha dəqiq desəm, 5-6 futbolçu ilə təmasdayıq. Yaxın vaxtlarda kimlərlə müqavilə imzalaya biləcəyimizi görəcəyik. Onu da qeyd edim ki, dəvət etməyi planlaşdırdığımız oyunçuların heç biri yerli çempionatda çıxış etmir, hamısı legionerdir”.