“Real”ın sükanı arxasında növbəti debütünə hazırlaşan Joze Mourinyo fransız ulduz Kilian Mbappe barədə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb. Portuqaliyalı mütəxəssisin cəmi bir aylıq birgə işdən sonra futbolçunun çıxışı barədə etdiyi etiraflar qısa müddətdə dünya mətbuatında geniş əks-səda doğurub.
Şənbə günü səfərdə “Espanyol”a qarşı keçiriləcək matçla “Kral klubu”nda yeni dönəminə başlayacaq təcrübəli məşqçi, matçdan öncə mətbuatın diqqətini məhz komandanın ulduzuna yönəldib. 27 yaşlı hücumçunun oyununa tamamilə məftun olduğunu gizlətməyən Mourinyo onun barəsində sürpriz ifadələr işlədib: “Kilian Mbappe inanılmazdır. O məni məşqlərdə güldürür. Çünki sadəcə olaraq həddindən artıq yaxşıdır. O, sözün əsl mənasında kosmik səviyyəli bir oyunçudur”.
Fransız futbolçunun “Real”a qoşulduğu ilk gündən etibarən fenomenal performans nümayiş etdirməsini nəzərə alsaq, bu təriflər bəlkə də təbii qarşılanmalıdır. Lakin futbolçuları nadir hallarda bu dərəcədə şişirdən “Xüsusi biri”nin səmimi heyranlığı azarkeşlər üçün əsl sürprizə çevrilib.
Fransız ulduz indiyədək “Real” forması ilə 103 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə rəqib qapılarından 86 top keçirib və 12 məhsuldar ötürmə ilə komandasının uğurlarında böyük pay sahibi olub.