“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İsrailin “Hapoel Beer-Şeva” klubuna qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.
Litva mütəxəssis Buxarestdə təşkil olunan mətbuat konfransında komandasının tarixi qarşılaşmaya hazır olduğunu bildirib: “Pley-off mərhələsi hər zaman xüsusi həyəcan yaradır. Klubumuz tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq və biz oyunu səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib ‘Hapoel Beer-Şeva’nı pley-offa yüksəlməsi münasibətilə təbrik edirəm. İki komandadan biri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq tarix yazacaq. Bu yola başlayanda favorit hesab olunmurduq, hər zaman autsayder mövqeyində idik. Eyni sözləri rəqibimiz haqqında da demək olar. Lakin gördüyümüz iş, keyfiyyətimiz və futbolçuların nümayiş etdirdiyi oyunla burada olmağa layiq olduğumuzu sübut etdik”.
Təcrübəli mütəxəssis rəqibin oyun üslubunu təhlil edərək maraqlı mübarizənin şahidi olacaqlarını vurğulayıb: “Bizi çox maraqlı qarşılaşma gözləyir, çünki bir-birinə çox bənzəyən iki komanda üz-üzə gələcək. Hər iki kollektiv presinq etməyi, oyuna nəzarəti ələ almağı və üstünlük qurmağı sevir. Hər iki tərəf ilk növbədədə hücum, daha sonra müdafiə haqqında düşünür. Görək bizi nə gözləyir. Bakıdan bura tam heyətlə gəlmişik, zədəli futbolçumuz yoxdur. Məşqimiz olacaq və komanda oyuna tam hazırdır”.